Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərinə aydınlıq gətirib:
“İlk növbədə şəxsimə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edirəm. Ukraynadakı hadisələr hamıya, o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman olunandan sonra təxliyə olunmağa məcbur olduq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım.
Şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrimi cəmləmək çətindir. “Facebook”dakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimə, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm”.
16:56
Azərbaycan şahmatçısı Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağı ilə bağlı idmançının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva danışıb.
Sport24.az-a açıqlama verən L.Əliyeva Raufun millidəki çıxışını davam etdirəcəyini təsdiqləyib:
“Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək”.
10:24
Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyası (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib.
Oxu.Az xəbər verir ki, qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.
Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FIDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını bildirib:
“FIDE prezidenti rusiyayönümlü adam olduğundan, söz verirəm ki, müharibə müddətində bu qurumun təşkil etdiyi turnirlərdə oynamayacağam. Ukraynaya eşq olsun!”
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.