Qazaxıstanlı iş adamı Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilən FIDE-nin Baş Assambleyası çərçivəsində baş tutub.
Turlovun rəqibləri Yan Henrik Büttner və Vadim Rozenşteyn olublar. Sonuncu isə həlledici tura vəsiqə qazanıb. Birinci turda Turlov səslərin 50%-ni toplasa da, qələbə üçün 50 + bir səs tələb olunurdu. Buna görə də ikinci tur keçirilib və o, 110 səs toplayaraq qalib gəlib. Ümumilikdə səsvermə prosesində 196 nümayəndə iştirak edib, həlledici mərhələdə isə cəmi bir nəfər bitərəf qalıb.
Qeyd edək ki, 38 yaşlı Timur Turlov 2022-ci ilə qədər Rusiya vətəndaşı olub. Daha sonra o, Rusiya pasportundan imtina edərək Qazaxıstan, həmçinin Sent-Kits və Nevis vətəndaşlığını qəbul edib. İş adamı 2023-cü ildə Qazaxıstan Şahmat Federasiyasına rəhbər təyin olunmuşdu.
Xatırladaq ki, bundan əvvəl FIDE prezidenti postunu rusiyalı Arkadi Dvorkoviç tuturdu. İyulun 23-də Avropa İttifaqı onu sanksiyalar siyahısına daxil etdiyini açıqladıqdan sonra o, öz istəyi ilə səlahiyyətlərinin icrasını dayandırmışdı.