Honkonqda keçirilən sürətli şahmat üzrə komanda dünya çempionatında Maqnus Karlsen ardıcıl olaraq hindistanlı Arcun Eriqaysi, ermənistanlı Şant Sarkisyan, özbəkistanlı Cəvahir Sindarov və azərbaycanlı Aydın Süleymanlıya məğlub olub.
Oxu.Az xəbər verir ki, 16-cı dünya çempionu və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlinin lideri olan norveçli qrosmeyster 2005-ci ildən bəri ilk dəfə olaraq ardıcıl dörd partiyada məğlubiyyət acısı yaşayıb.
Ümumilikdə, sürətli şahmat növündə Karlsen karyerası ərzində ilk dəfədir ki, dörd ardıcıl partiyanı uduzur. "Canlı" reytinqdə o, dərhal 28,8 xal itirib. Norveçli şahmatçı hazırda 2803,2 xalla liderliyini qorusa da, bu, FIDE-nin 2012-ci ildə sürətli şahmat üzrə reytinq sistemini tətbiq etməsindən bəri Karlsen üçün ən aşağı göstəricidir. Xatırladaq ki, o, altıqat dünya çempionudur.
Karlsen sonuncu dəfə 2005-ci ildə, hələ 14 yaşında olarkən dörd dəfə ard-arda məğlubiyyətlə üzləşmişdi. Həmin vaxt o, Niderlandın Sxaqen şəhərindəki turnirdə rapiddə iki partiyanı, daha sonra isə Norveçin Moss şəhərindəki yarışda klassik vaxt nəzarəti ilə daha iki partiyanı uduzmuşdu. Karlsen klassik şahmatda dörd ardıcıl məğlubiyyəti yalnız 2002 və 2003-cü illərdə yaşamışdı.