Rusiyanın idman naziri Vitaliy Mutko Moskva və Bakı arasında idman sahəsində əməkdaşlıq haqqında danışıb, Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.
“Ümumilikdə bizim Azərbaycanla yaxşı münasibətlərimiz var”, - Oxu.Az “Vestnik Kavkaza” nəşrinə istinadən nazirin sözlərini sitat gətirir. - Biz idman nazirlikləri səviyyəsində əməkdaşlıq aparırıq, bir neçə birgə lahiyələrimiz var”, - Mutko bildirib.
Avropa Oyunlarından danışan nazir qeyd edib ki, Azərbaycanın bu yarışları keçirmək üçün yaratdığı infrastruktur alqışalayiqdir.
Mutkonun sözlərinə görə, Bakı Avropa Oyunlarını Olimpiada səviyyəsində keçirdi.
“Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Hesab edirəm ki, bu səbəbdən növbəti Avropa Oyunlarını keçirməyə heç kim ərizə verməyib, çünki Oyunların hansı səviyyədə təşkil olunmasını hamı gördü. Bunu təkrarlamaq çox çətin olacaq. Bu gün bunu yalnız Rusiya, ABŞ, Çin və daha bir neçə ölkə edə bilər”, - o izah edib.
RF İdman naziri yaradılan infrastrukturun gələcəkdə layiqli şəkildə istifadə ediləcəyinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, bu yerlərdə uşaqlar üçün hazırlıq mərkəzləri yaradılacaq. Hesab edirəm ki, Azərbaycan bu Oyunları keçirmək üçün layiqli ölkədir. Hər şey sevgi və məsuliyyəltə edilmişdir”, - Vitaliy Mutko qeyd edib.
Nazir həmçinin bildirib ki, Avropa Oyunlarından əvvəl sonuncu dəfə Bakıya 1977-ci ildə gəlib.
“İndi gördüklərim məni həyran etdi. Bakı Avropa şəhəri ilə Əmirliklərin arasında orta bir şəhərdir. Çox gözəl şəhərdir, küçələri də təmizdir. Mənim hər şey çox xoşuma gəldi. Bir daha bütün şəhər sakinlərini və təşkilatçıları bu gözəl layihə münasibətilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunmuşdur”, - Vitaliy Mutko yekunlaşdırdı.