"Son döyüşümdə zəif hazırlıq səbəbindən uduzdum. Lakin indi sadəcə şənbə günü baş tutacaq döyüşə hazırlaşıram".
Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov deyib.
O bildirib ki, bəzən taktikasında dəyişiklər edir:
"Rəqibin zəif tərəflərini analiz etmək üçün yeni məşqçilər cəlb etmişəm. Bu addımı sparrinq üzrə daha da yaxşı olmaq üçün atmışam. Tam gücümlə qələbə qazanmaq üçün hazırlaşmışam. Azarkeşlərin gözəl döyüş izləməsini istəyirəm. Rəqibi yaxşı tanıyıram. Onun necə və kimlərlə məşq etdiyini bilirəm. O da məni yaxşı tanıyır. Çünki bizim birlikdə məşq etdiyimiz dövrlər olub.
Mənim məqsədim heç vaxt bonus qazanmaq olmayıb. UFC turniri Bakıda çox peşəkar səviyyədə təşkil olunur. Keçən illə müqayisədə yeniliklər də var".
"Düşünürəm ki, azərbaycanlı idmançılar UFC-də hər tərəfli inkişaf etməlidirlər. Biz ildən-ilə gedən inkişafı da görürük. Gələcəkdə daha da yaxşı olacağına inanıram", - deyə Nazim Sadıxov qeyd edib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.