Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının 4-cü iclasında ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinə ayrılan vəsaitin həcmini açıqlayıb.
Oxu.Az xəbər verir ki, nazir jurnalistlərin suallarına cavab olaraq “Bakı 2015: ilk Avropa Oyunları” üçün idman arenalarının quraşdırılması, kommunikasiya, nəqliyyat, qonaqlama yerləri və digər məsələlər üçün ayrılan xərclər barədə açıqlama verib.
Azad Rəhimov qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri yeni qurğuların quraşdırılması və daha sonra bu qurğuların sınaqdan keçirilməsidir.
“Bütün işlərin gələn ilin fevral ayının 1-nə kimi yekunlaşdırılması planlaşdırılır”.
Nazirin bildirdiyinə görə, Avropa Oyunları üçün investisiya proqramı 3 mərhələdə aparılır - idman qurğuları, kommunikasiya xərcləri və əməliyyat komitəsi üçün ayrılan vəsait.
Azad Rəhimov idman qurğuları üçün ayrılan xərclər barədə məlumat verib.
“Su kompleksi arenası üçün 100 milyon manat, Heydər Əliyev adına İdman Konsert Kompleksinin təmiri və qurğuların quraşdırılması - 20-25 milyon manat, Əl Oyunları Sarayının təmiri və yenilənməsi - 20 milyon manat, Milli Stadionun tikintisinə - 500 milyon manat pul xərclənməsi nəzərdə tutulub. Əməliyyat Komitəsi üçün 70-80 milyon manat vəsait yönəldilib”.
Nazir bildirib ki, işlər yekunlaşandan sonra “Bakı 2015” üçün nə qədər investisiya ayrıldığı barədə ümumi yekun məlumat veriləcək.
Elvin Əhmədov
www.oxu.az