Azərbaycan bir ay sonra Bakıda başlayacaq Birinci Avropa Oyunlarına faktiki olaraq hazırlığı başa çatdırıb.
Oxu.Az UNN-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli brifinq zamanı bəyan edib.
“Bizim dövlətimiz üçün məhz Bakının Birinci Avropa Oyunlarının keçirilməsi üçün seçilməsi böyük şərəfdir. Oyunlara hazırlıq yüksək səviyyədə aparılıb – onlarla obyekt tikilib və bərpa edilib, nəqliyyat və mehmanxana infrastrukturu, Olimpiya kəndi hazırlanıb.
Bakıda aprelin 26-da Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi baş tutub”, - səfir qeyd edib.
“Ukraynalı idmançılar üçün Avropa Oyunlarında iştirak etmək – yalnız Olimpiadaya lisenziya almaq deyil. Bu, həm də Avropa və dünya çempionatlarından əldə edilən nailiyyətləri möhkəmləndirmək üçün şansdır”, - Gənclər və idman nazirinin Avropa inteqrasiyası məsələləri üzrə müavini Nikolay Movçan brifinqdə çıxışı zamanı bildirib.
Ukrayna komandasının Birinci Avropa Oyunlarına təntənəli yolasalma mərasimi mayın sonunda baş tutacaq.
Xatırladaq ki, Ukraynanı bu yarışlarda 250 idmançı təmsil edəcək.