Bu gün Gənclər və İdman naziri Azad Rəhimov dörd rayon və şəhərdən - Mingəçevir, Ağdaş, Ağsu və Göyçaydan olan vətəndaşların təklif və şikayətlərini dinləyib.
Bununla bağlı nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlayn qəbulda 20-dək vətəndaş iştirak edib.
Könüllülük, rəssamlıq, Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir sıra onlayn platformaların yaradılması, layihələrin gerçəkləşdirilməsi istiqamətində nazirlik tərəfindən dəstək göstərilməsi təklifləri gənclərin müraciətlərinin əsasını təşkil edib.
Fəxri adların, idman zallarına idman avadanlıqlarının verilməsi, Ağdaşda Gənclər Mərkəzinin, Ağsuda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı müraciətlər də bu qəbildəndir.
Nazir Azad Rəhimov vətəndaşların suallarını cavablandırdıqdan sonra gənclərə müraciət edərək qeyd edib ki, bu dönəmdə bacardıqları qədər yaradıcı olub, müxtəlif layihələr üzərində çalışsınlar.
Məhz karantin dönəmi bitdikdən və layihələrin icrasına başlanıldıqdan sonra bu, onların inkişafına dəstək verməklə yanaşı, eyni zamanda, çox böyük yeniliklərə imkan yaradacaq.