Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir ki, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına mənfi təsir edir.
Gənclər və İdman Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq, bu il də Gənclərin Sağlamlıq Festivalı keçiriləcək. “Fiziki aktiv olarsan, Sağlamlığa təməl qoyarsan!” şüarı altında keçiriləcək Festivalın təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf Naminə İdman” İctimai Birliyidir.
Sağlamlıq festivalının məqsədi gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festival DJ musiqisi ilə başlayacaq.
Bu müddət ərzində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başlayacaq və nümunəvi çıxışlar göstərəcəklər. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət edəcəklər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, gimnastika, akrobatika, basketbol, futbol daxildir. Maraqlı əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışlar olacaq.
Sağlamlıq festivalının rəsmi açılışından (saat 12.00-da) sonra estafet yarışları keçiriləcək. Estafet zamanı orta məktəb şagirdləri ilə bərabər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri də fəal iştirak edəcəklər. Tədbir zamanı gənclərə qılınc oynatma, futbol, basketbol, akrobatika və yüngül atletika üzrə fəaliyyətlər təqdim olunacaq.
Bədii-musiqili hissədə iştirakçıların üzlərinə “face art” çəkiləcək, fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, o cümlədən Mərdəkan və Şüvəlan qəsəbələrin Mədəniyyət evlərinin,eləcə də Xəzər rayonun Gənclər evinin rəsm dərnəyinin üzvlərinin iştirakı ilə rəsm müsabiqəsi müğənnilərin, kapoeyro, akrobatların nümunəvi çıxışları və s. təşkil olacaq. Sonda estafetdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olunacaq, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırılacaqlar. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılacaq.
Sağlamlıq festivalına şux və oynaq musiqi nömrələri ilə yekun vurulacaq.
E.Ə.
www.oxu.az