"Neftçi" Misli Premyer Liqasının II turunda "Araz-Naxçıvan" üzərində 5:0 hesablı qələbə qazanaraq iki yubileyə imza atıb.
Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, 2026/27 mövsümündə qeydə alınan ilk böyükhesablı nəticə olub.
Bakı təmsilçisi Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsini əldə edib. "Ağ-qaralar" bunların 98-ni evdə, 52-ni isə səfərdə qazanıblar.
"Neftçi" ilk böyükhesablı qələbəsini 1992-ci il mövsümündə Şamaxının "Şirvan" klubu üzərində əldə edib. Həmin qarşılaşma 8:1 hesabı ilə başa çatıb.
Bundan əlavə, "Araz-Naxçıvan" üzərindəki 5:0 hesablı qələbə "Neftçi"nin Azərbaycan çempionatlarında 300-cü ev qələbəsi olub.
Yubiley qələbə paytaxt klubunun ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. "Neftçi" yüksək dəstədə doğma meydanda 113 dəfə heç-heçə edib, 79 qarşılaşmada isə məğlub olub.
Qeyd edək ki, "Neftçi"nin Azərbaycan çempionatlarında ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. Bakı təmsilçisi həmin görüşdə Sumqayıtın "Xəzər" klubunu 1:0 hesabı ilə məğlub edib.