“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
Klubun rəsmi saytında verilən xəbərə görə, klubla idman nəticələrinin analitikliyi ilə məşğul olan “Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib.
Tərəflər iki illik müqaviləyə imza atıb.
Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək.
Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində “Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər marketinq xidmətləri göstəriləcək.
Qeyd edək ki, inzibati binası Avstraliyanın Melburn şəhərində olan “Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.