“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
Oxu.Az “Neftçi” klubunun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın azlıqda qalmasına baxmayaraq, sonadək mübarizə apardıqlarını, nəticəni qoruya bildikləri üçün futbolçulara təşəkkür edib:
“Oyuna yaxşı başlamadıq. Bununla belə, sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Matçın bizim üçün yaxşı getdiyi məqamda futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, sonadək mübarizə aparıb, nəticəni qoruya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:
“Azlıqda qalandan sonra hesabı qoruduğumuz üçün deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdi. Rəqibin qapısı ağzında bir neçə təhlükəli vəziyyət yarada bildik. Azlıqda qalandan sonra isə əks-hücumlara üstünlük verdik. Azarkeşlərimizə təşəkkür edirəm. Stadiona gəlib, bizi sonadək dəstəklədilər. Sanki evdə oynayırdıq. Onları növbəti matçlarda da gözləycəcəyik”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb.