“Neftçi”nin prezidenti Kamran Quliyev “Qalatasaray”la UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşmalarından danışıb.
O, Türkiyənin “A Spor” telekanalına telefonla bağlantısında “Qalatasaray”la oyun barədə bunları deyib:
“Bizim üçün “Qalatasaray”ın Bakıya gəlməsi çox sevindirici haldır. Türkiyənin dörd böyük klubundan birinin “Neftçi” ilə rəsmi matçda oynaması bizi məmnun edir. “Qalatasaray”la matçadək transfer işlərimizi tamamlamaq istəyirik.
1995-1996-cı ildə Kiprdə (Şimali Kipr Türk Respublikası – S.T.) universitet təhsili almışam. O vaxt daha çox “Cim-Bom”a azarkeşlik edirdim. Amma indi “Neftçi” prezidenti kimi könlüm “ağ-qara”lardadır. “Cim-Bom”a simpatiyam var. Ancaq oyun zamanı 100 faiz “Neftçi”liyəm”.
Kamran Quliyev potensial rəqiblər bilinərkən “Qalatasaray”la düşməyi arzu etdiyini bildirib:
“Açığı, mən “Qalatasaray”la düşəcəyimizi gözləyirdim. Üç rəqibin adı içərisində “Qalatasaray”ın adını görəndə niyyət etdim ki, onlarla düşək. “Qalatasaray”la qarşılaşmağımız bayram olacaq. Nəticəsindən asılı olmayaraq, bu matç tarixə düşəcək. Çox heyf bu matçı azarkeşlər yalnız televizordan izləyə biləcək”.
“Qalatasaray”dan yeni transfer Arda Turanı komandasında görmək istədiyini bildirən “Neftçi”nin prezidenti iki futbolçusuna qardaş ölkədən təklif gəldiyini qeyd edib:
“Artıq Türkiyə klublarından iki futbolçumuza rəsmi təklif gəlib. Lakin onların adlarını açıqlamayacağam. Amma hər iki futbolçu Türkiyə Super Liqasında oynamaq potensialına malikdir. Skautlar bu matç zamanı da həmin oyunçuları izləyib qiymət verəcək”.
Xatırladaq ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda “Bakcell Arena”da keçiriləcək.
Səbuhi Musayev