Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Bakıda keçiriləcək yarışın Azərbaycan Qran-Prisi adlandırılmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, N.Arpadarai bu qərarın qəbulundan çox məmnun olduğunu qeyd edib:
“Ötən il yarışın Avropa Qran-Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq.
Bu il yarışın adının dəyişdirilməsi üçün FIA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək “Formula 1” yarışı Azərbaycan Qran-Prisi adlanacaq.
Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə çatdıra biləcəyik, xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə “Formula 1“ ilə birgə hallanacaq”.
Qeyd edək ki, gələn il Bakıda baş tutacaq növbəti “Formula 1” yarışına biletlərin satışına 2 dekabr tarixindən etibarən başlanılacaq.
E.Ə.
www.oxu.az