“Formula-1” avtomobil yarışlarının 2016-cı il üçün təqvimi dəyişdikdən sonra, Bakıda keçiriləcək Avropa Qran-prisi və “Le-Manın 24 saatı” ənənəvi yarışları eyni həftə sonunda 17-19 iyun tarixlərinə düşdü.
Oxu.Az xəbər verir ki, nəticədə 2015-ci ildə “Porsche” komandasının tərkibində Niko Ted və Erl Bamber ilə bərabər çıxış edən və qalib gələn ForceIndia pilotu Niko Hülkenberq Fransada çıxış edə bilməyəcək.
“Təəssüflər olsun ki, 2016-cı ildə mən Le-Manda iştirak edə bilməyəcəm. Bu il əldə etdiyim qələbəni müdafiə edə bilməyəcəm, amma mənim başqa seçimim yoxdur. Ola bilər ki, FİA təqvimə dəyişikliklər etsin. Ümid edirəm ki, “Porsche” rəhbərləri bir qədər gözləyə bilərlər. İndi yalnız bir şey əlavə edə bilərəm ki, Azərbaycandakı yarışı Le-Mana görə buraxa bilmərəm” – Niko deyib.
Qeyd edək ki, “Le-Manın 24 saatı” dözüm yarışıdır, bu yarış bir sutka davam edir.
F.H.
www.oxu.az