Ötən il ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmiş Azərbaycan bu il də öz tarixində bir ilkə imza atmağa – dünyanın ən məşhur avtomobil yarışları olan “Formula-1” üzrə Avropa Qran-prisini keçirməyə hazırlaşır.
Bu da dünya miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır.
“Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir”, - Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Bu gün dünyanın 200-ə yaxın ölkəsində yayımlanan “Formula-1” yarışlarını 500 milyon nəfərdən çox insan izləyir – bu isə o deməkdir ki, dünyanın müxtəlif yerlərində yarım milyard izləyici Azərbaycan, Bakının gözəllikləri ilə tanış olmaq imkanı əldə edəcək.
Əlbəttə, bu yarışların möhtəşəmliyi, dünyanın ən elit idman növlərindən biri olması, geniş auditoriyaya malik olması – bütün bunlar çox gözəl amillərdir. Lakin bu gün azərbaycanlıları düşündürən əsas sual belədir – “Formula-1” Azərbaycana nə gətirəcək?
Bu məqaləmizdə bu suala cavab tapmağa çalışacağıq.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, yarış çərçivəsində ölkəyə turist axınının cəlb edilməsi üçün işlər aparılır:
“Bu ilin iyun ayında Bakıda “Formula-1” yarışları keçiriləcək. Bu yarış həm əhəmiyyətinə, həm də ölkəyə turistlərin cəlb edilməsi baxımından vacib tədbirlərdən biri hesab edilir.
Bu yaxınlarda Bakı Şəhər Əməliyyat Halqası Əməliyyat Şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında görüş keçirildi. Görüşdə bir sıra məsələlər, o cümlədən yarışın turizmin inkişafına verə biləcəyi əhəmiyyət müzakirə olundu və yarışa qədər birgə təbliğatın həyata keçirilməsi üçün fəaliyyət planının hazırlanması qərara alındı.

Hazırlanacaq fəaliyyət planının tərkibində xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində həmin şirkətin nümayəndələrinin təmsil olunması, yarış haqqında müxtəlif təqdimatların keçirilməsi, turizm sənayesi nümayəndələrinin yarışın işinə cəlb edilməsi, yəni turistlərə hazır turizm məhsulunun təqdim edilməsi, xarici mətbuat nümayəndələri üçün hər iki təşkilat arasında birgə press-turların təşkil edilməsi, eləcə də nazirliyin iştirakı ilə beynəlxalq turizm sərgilərində onların stendlə çıxış etməsi, orda onlayn biletin satışının təşkil etmək məsələləri müzakirə edilib.
Yarış çərçivəsində, turistlərin ölkəyə cəlb edilməsi üçün nazirlik tərəfindən işlər aparılacaq”, - deyə V.Şixəmmədov qeyd edib.
Azərbaycana turistlərin cəlb olunması baxımından prioritet ölkələr müəyyən olunub, dövlət tərəfindən və bu ölkələrdən, ölkəmizə gələn turistləri daha rahat ,daha sadə viza əldə etmək üçün hava limanında vizaların verilməsi prosesinə start verilib. Noyabr ayında BƏƏ-yə bu viza tətbiq olunmağa başladı, bundan əlavə isə artıq fevralın 1-dən etibarən daha 10 körfəz ölkəsi bu siyahıya daxil edildi.
Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi işlərinin icrasına başlanılıb.
“Four Season” otelinin İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru Aynur Məmmədova isə yarışın otel biznesinin inkişafı ilə bağlı bunları deyib:
“Hər bir böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi çox xoş bir haldır. Belə tədbirlər ölkəmizin tanıtımı üçün edilən və həyata keçirilən mühüm addımlardan biridi. Və təbii ki, belə tədbirlərin keçirilməsi turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir”.
O, həmçinin əlavə edib ki, adi günlərdən fərqli olaraq, yarış ərəfəsində və yarış günü otellərə maraq daha çox olacaq.
Artıq beynəlxalq booking.com online-rezervasiya sistemində Avropa Qran Pri ərəfəsində otel nömrələrin 70 faizə qədər rezervasiya olduğu göstərilir və məsələn, “Four Season” otelində artıq boş yer olmadığı bildirilir.
Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov isə bildirib ki, artıq 5 ulduzlu otellərin çoxusu turistlər tərəfindən bronlaşdırılıb:
“Sözsüz ki, bu yarış dünyada çox populyar olan yarışdır. İstər-İstəməz bu yarışı görmək istəyən çox sayda insan olacaq. Assosiasiya yarışların iqtisadi faydası ilə bağlı analizlər aparıb. Analizlərimiz göstərir ki, artıq ölkəyə gələn turist sayında artım var. Demək olar ki, beş ulduzlu otellərin çoxusu turistlər tərəfindən bronllaşdırılıb. Turizmə də məhz bu, yəni insan axını lazımdır”, - deyə N.Bağırov bildirib.

Yarışların gətirdiyi dividenlərlə bağlı “Formula-1”in ilk dəfə keçirilməyə başladığı Sinqapur, Əbu-Dabi və Austin kimi şəhərləri misal göstərmək olar.
2008-ci ildə yarışların keçirildiyi Sinqapurun ticarət və sənaye nazirinin sözlərinə görə, tədbir turistlərin diqqətini ölkəyə cəlb edib. “Formula-1”in keçirildiyi müddətdə daxili daşınmalar 12% artıb, otellər öz bizneslərini genişləndirib, yarışın keçirildiyi günlərdə xüsusi vergilər isə 20-30% yüksəlib.
Əbu-Dabidə yarışların keçirildiyi 2009-cu ildə şəhərdəki mehmanxanalar 98% dolub. Turistlərin ixtiyarına verilmiş 8000 nömrənin hər birinə görə ödəniş isə orta hesabla 476 dollar təşkil edib. Satılan biletlərin 42%-ni xaricilər alıblar.
Yarışları izləməyə gələn turistlərdən hər biri isə 3 gün ərzində Əbu-Dabidə orta hesabla 650 dollar xərcləyib.
ABŞ-ın Texas ştatının Austin şəhərində “Formula-1” yarışının keçirilməsi üçün hökumət 25 milyon dollar vəsait ayırmışdı. Bu investisiyalar isə ştata “Formula-1”in sayəsində 294,9 milyon dollar qazanmağa, üstəgəl 26,4 milyon dollar vergi ödəməyə imkan verdi – inanılmaz rəqəmlərdir!
Yarışın keçirildiyi birinci ildə Austinin dünya mətbuatında təbliğatı şəhərə 191,2 milyon dollar qazandırdı.
2013-cü ildə Austində keçirilən yarışlar şəhərə 597 milyon dollar gəlir gətirib, yeni yolun çəkilməsi, yeni iş yerləri, turist axınından əldə olunacaq ümumi effekt isə 2,8 milyard dollar təşkil edib.
Sadalanan faktlar bir daha göstərir ki, “Formula-1” bahalı yarış növü olmaqla yanaşı, həm də ev sahibliyi edən ölkəyə böyük gəlirlər gətirmək iqtidarındadır. Digər tərəfdən dünyanın tanınmış ölkələrinin bu yarışlara ev sahibliyi etmək istəyini başqa necə izah etmək olar – qazanc əldə etmədiyi halda heç bir ölkə “Formula-1”ə bu qədər yatırım etməzdi.
Digər bir nümunə - 2010-cu ildə ilk dəfə keçirilən Bəhreyn Qran Prisində müxtəlif sponsorların 103 brendinin reklam müqavilələri ümumilikdə 90 milyon dollar qazanc gətirmişdi. Bu göstərici üzrə Bəhreyn mərhələsi Avropanın Monako Qran Prisi, Böyük Britaniya, Almaniya, Belçika və İtaliyada keçirilən yarışlarını geridə qoymuşdu.
Ekspertlərin fikrincə, səbəb yarışın Bəhreyndə ilk dəfə keçirilməsi idi. Belə ki, “Formula-1”in illərdir keçirildiyi Avropa ölkələrindən yorulan izləyici daha maraqlı, onlar üçün daha ekzotik sayılan ölkələrə, yeni traslara önəm verməyə başlayır və belə yerlərdə keçirilən yarışlar daha çox izləyici auditoriyası toplayır.
Bu yarışların ölkəmizə hansı dividenlər gətirəcəyini təsəvvür etmək üçün 1 rəqəmi demək kifayətdir – yarışlar hər il Bəhreyn iqtisadiyyatına 220 milyon dollar gəlir gətirir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə “Formula-1”in iqtisadi faydasını bu cür izah edib:
“Azərbaycan tezliklə ilk dəfə “Formula-1” Avropa Qran Prisi kimi möhtəşəm bir idman yarışın ev sahibliyi edəcək. Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərclərlə cari gəlirləri nəzərə alırıq.
Bildiyiniz kimi, bu il “Formula-1” mövsümündə 21 yarış keçiriləcək və digər ölkələrinin təcrübəsinə istinad edib deyə bilərik ki, bu tədbir Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli olacaq. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda yarışın təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatın uzun müddət faydalanmasına imkan verəcək.
“Formula-1”in sadiq azarkeş kütləsi var, onlar yarışı izləyir və yarışın keçiriləcəyi ölkələrə səfər edirlər.
Ümumilikdə 30 minə yaxın tamaşaçı yeri nəzərdə tutulub. Bunun 20 mini oturaq, 10 minə yaxını da ayaqüstü yerlərdir.Bilet satışlarının başlanmasından artıq bir ay keçib və Bakıda yarışı tribunalarda canlı izləmək istəyənlərin sayı hər ötən gün artmaqdadır. Bu günə olan məlumata görə, bilet alanların böyük hissəsi Rusiya və Azərbaycan vətəndaşlarıdır.
Xarici turistlərin ölkəyə cəlb olunması baxımından sevindirici haldır ki, satılan biletlərin əksəriyyəti, yəni 65%-i xarici ölkələrdən alınıb.
Bu ölkələr sırasında müvafiq ardıcıllığa görə Rusiya, Böyük Britaniya, Ukrayna, Niderland Krallığı, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya öz yerini alıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan vətəndaşları üçün bilet qiymətlərində 20-40% nisbətində endirimlər təklif olunur”.
Onun sözlərinə görə, artıq beynəlxalq turizm agentləri yarış günləri üçün Bakı otellərində otaqların rezervasiyasına başlayıblar:
“Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün qeyri-neft sektorunun belə mötəbər tədbirlər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. Bizdə olan məlumata görə, artıq beynəlxalq turizm agentləri yarış günləri üçün Bakı otellərində otaqların rezervasiyasına başlayıblar. Gəlirlər, təbii ki heç də turizm şirkətləri və otellərlə kifayətlənməyəcək, daha geniş miqyası əhatə edəcək”.
O, yarışdan əldə edilən qazanc arealının təkcə, ölkəyə turist cəlb edilməsi ilə bitmədiyini qeyd edib:
“İkincisi, ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalanır və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Eyni zamanda minlərlə turistin Bakıya səfər etməsi digər sahələrin, xüsusilə də xidmət, ictimai-iaşə, nəqliyyat, bank sektoru kimi sahələr üçün də əlavə gəlir mənbələri yaradacaq.
Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Rusiya Qran Prisinin 2015-ci ildə keçirdiyi sorğunun nəticələri göstərir ki, sorğuda iştirak edənlərdən 15%-i “Formula-1” yarışına dostların məsləhəti ilə gəliblər.
Bütün bunlar isə ölkəyə turist axınının artmasını və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet sahə olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə qısa və uzunmüddətli gəlirlər əldə edə biləcək.

Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri də var. Əvvəla, tədbirin təşkili yeni iş yerləri açır. Məlumat üçün qeyd edim ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti artıq yarış üçün gərəkli olan daimi işçi heyətinin böyük əksəriyyətini işə cəlb edib və əməkdaşların çoxu məhz yerli mütəxəssislərdir, xüsusilə birinci Avropa Oyunlarında təcrübə toplayan kadrlardır.
Məlum olduğu kimi, biz ötən ayın sonlarında Avropa Qran Prisi üçün Könüllülük və Marşal proqramlarına start vermişik. Hər iki proqramda iştirak könüllülük əsasındadır. Bu proqramlar vasitəsilə içtirakçılara xüsusi təlimlər keçirilir və bu sahədə yeni təcrübələr öyrənilir”.
“Formula-1” kimi mötəbər tədbirin uğurla həyata keçirilməsi üçün yarış vaxtı qonaqları qəbul etmək, idman sahəsində işləmək və ya media nümayəndələrinə və fəxri qonaqlara kömək göstərmək kimi müxtəlif vəzifələrdə çalışacaq 5 mindən çox könüllü tələb olunur. Artıq proqramda iştirak etmək üçün 7 mindən çox müraciət daxil olub.
“Formula 1” yarışının həyəcanı və coşğusunu yaşamaq imkanı verən Marşal proqramına isə indiyədək 450-ə yaxın müraciət olub. Ümumilikdə 1000-ə yaxın marşalın cəlb olunmasını nəzərdə tutan proqram hər bir marşalı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikatla mükafatlandıracaq. Bu sertifikat marşallara sadəcə Azərbaycanda deyil, Qran Pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.
Həmçinin, cari tikinti-quraşdırma layihəsinə əsasən 6 km-lik dairəvi marşruta düşən Bakının mərkəzi küçələri təmir olunacaq və burada yeni asfalt qatı salınacaq. Şübhəsiz ki, “Formula-1” standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışdan sonra şəhər sakinlərinin istifadəsində olacaq,” - deyə N.Arpadarai qeyd edib.
Ölkədə iş yerləri ilə mövcud problemi nəzərə aldıqda isə Bakıda “Formula-1” yarışlarının keçirilməsinin yüzlərlə vətəndaşımıza işləmək imkanı yaratdığını xüsusilə vurğulamaq lazımdır.
Bu gün böyük sayda vətəndaşımız Avropa Qran-Prisinin təşkili istiqamətində çalışır – yol infrastrukturunun yarışlara hazırlanması, tribunaların qurulması bir neçə yüz iş yeri deməkdir.
Bundan başqa, yarışların Bakı daxilində keçirilməsi Formula 1 trasının hazırlanması üçün xərcləri maksimal dərəcədə azaltmağa imkan verir. Belə ki, digər ölkələrdə yarışların keçirilməsi üçün xüsusi stadionlar – avtodromlar inşa olunsa da, Bakı mərhələsi elə paytaxt küçələrində keçiriləcək və yalnız bir neçə yerdə yol örtüyü dəyişəcək. Bu isə daha az xərc müqabilində daha çox gəlir deməkdir.
Yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.
Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin müasirliyi və qədim tarixi gözəlliyini birləşdirən simasını tam görə biləcəklər. Biz əminik ki, “Formula-1” azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcəyik və bu da Azərbaycanın dünya miqyasında təbliğatı deməkdir.
Bir sözlə, “Formula-1” yarışları böyük maliyyə vəsaitlərinin dövr etdiyi bir idman növüdür. Və Azərbaycanın bu elit idman növünə ev sahibliyi etməsi ölkəmiz üçün təkcə imic deyil, həm də iqtisadi dividendlər vəd edir.
Nəzərə almaq lazımdır ki, hər bir xarici turist Azərbaycana valyuta gətirir və onun Bakıda xərclədiyi hər bir dollar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə yatırım hesab oluna bilər.
Digər bir üstünlük isə “Formula-1”in auditoriyası ilə bağlıdır. Adətən bu yarışların auditoriyası yüksək gəlirlərə malik, investor kimi çıxış edə biləcək şəxslər olur – bu baxımdan Azərbaycanın, Bakının imkanlarının “Formula-1” vasitəsilə təbliği dünyada iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda ölkəyə yeni investorları cəlb edə bilər.
Azərbaycanın yarışların keçirilməsindən əldə edəcəyi digər bir dividend isə turist axınları ilə bağlıdır.
Bildiyimiz kimi, bu gün ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır, dünyanın bir çox ölkələri ilə viza rejimi sadələşdirilir, manatın devalvasiyası isə xarici turistlərin Azərbaycana səfərlərini həm onlar, həm də yerli iqtisadiyyat üçün sərfəli edir.
Təkcə onu qeyd etmək lazımdır ki, bir neçə müddət əvvəl Avstraliyanın yarışların keçirildiyi Viktoriya ştatının rəhbərliyi “Formula-1”dən əldə olunan gəlirləri hesablayaraq, növbəti illər üçün yenidən müqavilə imzaladı.
Ştat rəhbərliyindən bir sitat gətirmək kifayətdir:
“Bütün bunlar ştatın iqtisadiyyatına, turizmə müsbət təsir göstərir. Bizim hökumətimiz hər şeyi təhlil edərək bir müddət əvvəl yarışların keçirilməsi ilə bağlı yeni müqavilə imzaladı, çünki hesab edir ki, bu, digər alternativ layihələrlə müqayisədə Viktoriya ştatı üçün daha faydalıdır”.
Azərbaycanda havaların isti keçdiyi, çimərlik mövsümünün açıq olduğu iyun ayında keçiriləcək yarışlar Bakıya gələcək turistlərin təkcə paytaxt deyil, həm də şəhərətrafı infrastrukturun – çimərliklər, otellər və sair iaşə obyektlərinin xidmətlərindən istifadə edəcəkləri deməkdir. Bu isə bir daha əlavə iş yerləri, əhali üçün əlavə gəlirlər, gələcəyə hesablanmış yatırım hesab olunmalıdır.
Bu gün dünyada turist səfərlərindən əldə olunan gəlirlər uğrunda gərgin mübarizə gedir. Dünyanın müxtəlif ölkələri reklam kampaniyalarına milyonlarla vəsait sərf edərək, həmin turist axınlarını cəlb etməyə çalışırlar.
Bu baxımdan Azərbaycanın “Formula-1” yarışlarını keçirərək, ölkənin dünya təbliğatına yatırım etməsi məqsədəuyğun sayılmaqla yanaşı, həm də alqışlana bilər. Digər dünya dövlətləri ilə müqayisədə yarışların təşkilinə minimal vəsait sərf edən Azərbaycan bu sahədən maksimal qazanc əldə edənlər arasında 1-ci olmaq iqtidarındadır.