Tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb.
Oxu.Az İnformasiya Agentliyi bu mötəbər idman yarışı ilə əlaqədar Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) ilə birlikdə yeni layihəyə start verib.
Belə ki, Avropa Oyunlarının başlamasına 30 gün qalması münasibətilə Oxu.Az saytdakı bölmələrinin sırasına yenisini - Baku 2015 Video bölməsini əlavə edib.
Oxu.Az-ın yüz minlərlə oxucusu indi bu bölməyə daxil olaraq Avropa Oyunlarının müxtəlif mərhələlərinə həsr olunmuş, oyunlara hazırlığı əks etdirən videogörüntüləri izləyə bilər.
Planlaşdırılır ki, iyunun 12-dən sonra oxucular Baku 2015 Video bölməsinə daxil olaraq, tarixdə ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının yarışlarını onlayn izləyə biləcəklər.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.