Niderlandda futzal üzrə təşkil olunan Avropa çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, Amsterdamdakı “Ziqo Dome” arenasında keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.
Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Komanda bundan əvvəlki 2018-ci ildə Sloveniyada keçirilmiş analoji turnirdə Avropa çempionluğunu qazanmışdı. Rusiya isə altıncı dəfə bu turnirin finalında uduzub.
Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.