Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Premyer Liqa: “Araz-Naxçıvan” və “Qəbələ” hərəyə bir xalı bir qolla qazanıblar - YENİLƏNİB + VİDEO
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Oxu.Az-ın məlumatına görə, günün ikinci oyunu “Liv Bona Dea Arena”da keçirilib.
“Araz-Naxçıvan” autsayder “Qəbələ”ni qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Numan Kurdiç 42-ci dəqiqədə fərqlənib. Bosniya və herseqovinalı müdafiəçi 59-cu dəqiqədə yenidən diqqət mərkəzinə düşüb. 25 yaşlı oyunçu bu dəfə qırmızı vərəqə alaraq komandasını son yarım saatda meydanda azlıqda qoyub.
Say çoxluğundan yararlanan “qırmızı-qaralar” tezliklə “status-kvo”nu bərpa ediblər. 67-ci dəqiqədə Osama Xalaylanın yaxın məsafədən zərbəsi qarşısıalınmaz olub. Kaxaber Sxadadzenin yetirmələri qalibiyyət qolu üçün bütün gücləri ilə irəli atılsalar da, bunu reallaşdıra bilməyiblər.
Nəticədə komandalar 1:1 hesablı heç-heçə ilə barışmalı olublar. Bərabərlik sayəsində “Araz-Naxçıvan” xal ehtiyatını 32-yə, “Qəbələ” isə 16-ya çatdırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.
17:58
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
“Report”un məlumatına görə, günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
“Zirə” bu arenada bölgə təmsilçisi “Kəpəz”i qəbul edib. Qəsəbə komandası ikinci hissədə vurduğu qollarla qələbə qazanıb. 60-cı dəqiqədə Salifu Suma hesabı açıb. 17 dəqiqə sonra Qismət Alıyev penalti zərbəsini dəqiq yerinə yetirib. Gəncəlilərin gücü Martins Juniorun 90+4-cü dəqiqədə vurduğu təsəlli qoluna çatıb.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.
Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun “Araz-Naxçıvan” - “Qəbələ” oyunu bu gün, “Turan Tovuz” - “Qarabağ” və “Sumqayıt” - “Sabah” görüşləri martın 17-də keçiriləcək.
10:00
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
İlk olaraq “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda ev matçına çıxacaq. Rəşad Sadıqovun kollektivi “Kəpəz”i qəbul edəcək. Hazırda qəsəbə təmsilçisi 36 xalla 6-cı, gəncəlilər isə 27 xalla 9-cu pillədə qərarlaşıblar.
Ardından “Araz-Naxçıvan”la “Qəbələ” üz-üzə gələcəklər. Naxçıvan komandası yuxarı pillələrdəki rəqiblərdən daha da uzaq düşməmək üçün “Liv Bona Dea Arena”da qələbə qazanmağa çalışacaq. Azər Bağırovun kollektivi 31 xalla 8-cidir. Hesabında 15 xal olan “Qəbələ” isə çempionatın autsayderidir.
Turun açılış matçında “Neftçi” “Səbail”i böyük hesabla (3:0) məğlub edib. Turun “Turan Tovuz” - “Qarabağ” və “Sumqayıt” - “Sabah” görüşləri martın 17-də keçiriləcək.
Premyer Liqa
XXVII tur
16 mart (şənbə)
16:00. “Zirə” - “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tofiq Bəhramov adına Respublika stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Liv Bona Dea Arena”
Rəylər