İngiltərə Premyer Liqasının ötən gecə baş tutan “Norviç” – “Brentford” (1:3) görüşündə maraqlı epizod yaşanıb.
Belə ki, qarşılaşmanın 38-ci dəqiqəsində “Norviç”in müdafiəçisi Uillyamsla “Brentford”un danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen arasındakı mübarizə sərt alınıb və ikili bir-birindən tutaraq yerə yıxılıblar.
Hadisədən yaranmış ani əsəblə yerdəki oyunçunu itələyən Uillyams onun Eriksen olduğunu anlayan kimi gülmsəyib və rəqib həmkarını qucaqlayıb. Eriksen də onun jestinə gülümsəməklə cavab verib.
Hadisə matçı şərh edən jurnalistlərin və azarkeşlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək yerə yıxılmışdı.
Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.
O, uzunmüddətli bərpa prosesindən sonra karyerasını bərpa edib və “Brentford”un uğurları üçün tər tökür.