Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Premyer Liqa: “Sabah” səkkiz oyunluq qələbə həsrətinə “Sumqayıt”la oyunda son qoyub - VİDEO
Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Günün ikinci matçı Bakıda baş tutub.
Paytaxt təmsilçisi “Sabah” doğma arenasında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı erkən qolla qonaqlar açıblar. İsa Suliman 9-cu dəqiqədə “gənclik şəhəri” təmsilçisini önə keçirib. Lakin Samir Abasovun kollektivinin üstünlüyü bir hissə çəkib.
Meydan sahibləri əvvəlcə 54-cü dəqiqədə bərabərlik topunu vurublar. Con İrasabal adını tabloya yazdırıb. 81-ci dəqiqədə Namik Ələskərov bakılıları hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 90+6-cı dəqiqədə ev sahiblərinin hücumçusu Davit Volkov qoyub.
Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən “Sabah” çempionatda 8 oyunluq qələbə həsrətinə son qoyub. Bu nəticə sayəsində Murad Musayevin yetirmələri xallarının sayını 10-a çatdırıblar. “Sumqayıt” isə 11 xalda qalıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Turan Tovuz” “Qarabağ”la (2:2), “Kəpəz” “Zirə” ilə (0:0) bərabərə qalıblar, “Neftçi” səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 22-də keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.