Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Oxu.Az-ın məlumatına görə, ilk gündə bir oyun keçirilib.
Günün yeganə matçında “Neftçi” meydana çıxıb. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edib.
Turnir cədvəlində qonşu olan komandaların duelinə ev sahibləri sürətli başlayıblar. Miodraq Bojoviçin yetirmələri fasiləyə qədər rəqib qapısından iki cavabsız top keçiriblər. Əvvəlcə 23-cü dəqiqədə “Səbail”in israilli müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.
Cəmi dörd dəqiqə sonra bu dəfə “Neftçi”nin müdafiəçisi Azər Salahlı “səhnəyə çıxıb” və “dənizçilər”i ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə Yeqor Boqomolski qoyub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 40-a çatdırıb. “Səbail” isə 37 xalda qalıb. Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Neftçi” önündə 5 illik qələbə həsrətinə son qoya bilməyib. “Səbail” bu rəqibini sonuncu dəfə 2019-cu ildə məğlub edib.
Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.
12:12
Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
Günün yeganə görüşündə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edəcək.
Hazırda komandalar eyni xalla (37) turnir cədvəlinin 4-5-ci pillələrini bölüşdürürlər. Qarşılaşma “Səbail” üçün xüsusi prinsipiallıq daşıyır. Çünki qəsəbə təmsilçisi çempionatın son 18 matçında rəqibinə qalib gələ bilməyib.
“Dənizçilər” axırıncı dəfə 2019-cu ildə “Neftçi”dən 3 xal almağı bacarıblar. Şahin Diniyevin baş məşqçisi olduğu kollektiv beşillik tilsimi qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart
19:00. “Neftçi” – “Səbail”
Bakı, “Neftçi Arena”.
Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.