Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal oyunları keçirilib.
Oxu.Az-ın məlumatına görə, millimiz qrupda 0:3 hesabı ilə məğlub olduğu Türkiyə yığması ilə qarşılaşıb.
Gərgin keçən görüşün ilk setində türklər üstün olublar - 21:25. Növbəti set təmsilçilərimizin xeyrinə başa çatıb - 25:23. Üçüncü setdə Türkiyə (19:25), 4-cü setdə komandamız qalib gəldiyindən (25:23) oyunun taleyi 5-ci setdə həll olunub.
Finala bərabər keçən oyunun sonuncu setində türklər üstün olublar - 11:15 (2:3).
Beləliklə, millimiz bürünc medal uğrunda görüşdə Serbiya yığması ilə qarşılaşacaq.
Digər qarşılaşmada Polşa Serbiyanı məğlub edib - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12).
Qeyd edək ki, qadın voleybolçuların yarışında mükafatçılar iyunun 27-də müəyyənləşəcək. Saat 16:00-da 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan və Serbiya, 18:30-da baş tutacaq final matçında isə Polşa ilə Türkiyə görüşəcək.