Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, “Rabitə” Çexiyanın “Agel” klubunu qəbul edib.
İlk dövrənin son görüşündə səfərdə rəqibinə tay-brekdə uduzan son illərin dəyişməz Azərbaycan çempionu Bakıda qisas almağı bacarıb. Komandamız “Agel”ə 3:1 hesabı ilə qalib gəlib.
Aktivinə daha 3 xal əlavə edən “Rabitə” pley-off istəyinə bir qədər də yaxınlaşmaqla yanaşı, CEV kubokuna vəsiqəni təmin edib. Bakı təmsilçisi Çempionlar Liqasında yoluna davam etmək üçün V turda da eyni uğuru təkrarlamalıdı. Çünki 6 xala malik “Rabitə” ilə “Dinamo” ikinci yerin taleyinə Kazanda baş tutacaq matçda aydınlıq gətirəcək.
Qeyd edək ki, qrupun digər oyununda “Ximik” (Polşa) “Dinamo”ya (Rusiya, Kazan) 3:1 (16:25: 25:14: 25:19; 25:22) hesabı ilə qalib gəlib.
Voleybol
Çempionlar Liqası
A qrupu, IV tur
15 yanvar
“Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya) 3:1 (25:21, 25:12, 23:25, 25:15)
Hakimlər: Salviss Kurtiss (Latviya), Mifxaylo Medved (Ukrayna).
“Sərhədçi” Olimpiya Mərkəzi.
E.Ə.
www.oxu.az