Azərbaycanın “FIFA 20” üzrə ilk rəsmi ölkə çempionatında keçirilmiş 27 turdan sonra mübarizə gərgin və maraqlı ssenari üzrə davam edir.
Oxu.Az xəbər verir ki, “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi çempionatda Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” 77 xalla vahid liderdir.

Hələ də məğlub olmayan kollektivi ən yaxın izləyicisi “Karabakh Horses” komandasından 16 xal ayırır. Tural Həsənovun idarə etdiyi köhlən atlar isə ikinci yer urunda qarşıdurmada Cavid Murtuzayev və tabeliyində olan “Kalbajar Wolves” komandasını son turda 2:1 hesabı ilə üstələyib. Hazırda “canavarlar”ı ikincilikdən cəmi iki xal ayırır.
Turnir cədvəlinin növbəti altı pilləsində də həyəcan günü-gündən artmaqdadır. Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” 53 xalla dördüncü yerdə qərarlaşdığı halda, “Shaki Khans” və “Qobustan Stones” kollektivləri müvafiq olaraq 52 və 51 xalla rəqiblərinin büdrəməyini gözləyirlər. Transfer pəncərəsində liqaya qoşulan Anar Bədəlov və təmsil etdiyi “Khizi Mountains” komandası isə ikinci dövrəyə qeyri-sabit başlasa da, 48 xalla yeddinci pilləyə nəzarət edir.

Liqanın ilk “səkkizliy”ini tamamlayan “Old City White Pants” dağlılardan cəmi üç xal az toplayıb. Oktay Məmmədovun idarə etdiyi “Ganja Poets” kollektivinə gəlincə, İçərişəhər sakinlərindən bir xal geri qalan şairlər qələmlərinin mürəkkəbi ilə, rəqibin ağ şalvarına ləkə salacağı günü gözləyirlər. Liqanın 10-cu sırasında Rəhman Quliyevə həvalə olunan “Shamakhi Lions” klubu məskunlaşıb. 11-ci pillədəki “Quba Tigers”lə arasında uçurum yaradan aslanlar ən yaxın izləyicisini 10 xal qabaqlayır.

Transfer aralığında Vahid Əfəndiyevin gəlişi ilə dirçəliş yaşayan “Qazakh Ashiqs” və mövsümün ikinci yarısında Fərhad Ağayevlə güclənən “Lankaran Heroes” komandaları isə ilk dövrədə yaranan boşluqları doldurmağa başlayıblar.
“FIFA 20” Milli Liqasının növbəti turları sabah və mayın 13-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalında “İdman TV”nin şərhçilərinin təqdimatında izləyə bilərlər.
Qarşılaşmalar eləcə də saat 13:00-14:00 və 16:00-17:00 aralıqlarında “İdman TV” vasitəsilə tamaşaçılara təqdim olunur.
https://www.twitch.tv/glahub
https://www.instagram.com/glahub