Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, baş tutan 40 qarşılaşma siyahıda müəyyən dəyişikliklərlə nəticələnib.
Bunlar cədvəldə yer alan Azərbaycan klublarından da yan ötməyib. Siyahıdakı 7 təmsilçimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” Çexiyada “Slovan”a 0:3 hesabı ilə uduzmaqla geri düşüb.
Ötən turdan sonra 99-cu olan ağdamlılar 18,050 xalla 104-cü pilləyə yuvarlanıb. 5 pilləlik eniş “ağ-göylər”i ilk “100-lük”dən kənar qoyub.
9,800 xala malik “Neftçi” isə 1 pillə geriləyərək 160-cı olub. Öz meydanında “Anderlext”ə 1:3 hesabı ilə yenilən “Qəbələ” də eyni qədər itirib. Təmsilçimiz 7,800 xalla 182-ci pillədə qərarlaşıb.
220-ci yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Bakılılar Bolqarıstan “Slaven”i ilə eyni göstəriciyə malikdi. Malta “Valletta”sı və Albaniya “Kukesi”si ilə eyni - 4,550 xala malik “Xəzər Lənkəran” 276-cı yerə şərikdi. Son 3 həftədə bakılılar 1, cənublular 2 pillə geri düşüb.
Digər komandalarımızdan “Kəpəz” (4,050) 298-ci, “Bakı” (3,800) 307-ci yerə şərikdi. Onlar da hərəyə 1 addım aşağı yuvarlanıblar.
Klublarımızın Avropa Liqasının qrupundakı rəqiblərinin hamısı ilk “100-lük”dədi. “Fiorentina” (63,533) 24-cü, “Anderlext” (49,480) 36-cı, “Sent-Etyen” (32,899) 56-cı, PAOK (31,800) 60-cı, “Slovan” (25,015) 83-cü, “Maynts” (21,099) 92-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İspaniya “Real”ının (159,256) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 147,099 xalla 2-ci, “Barselona” (İspaniya) 144,256 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.
E.Ə.
www.oxu.az