"Qarabağ"la qarşılaşacağımız üçün həyəcanlıyam".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Vestri" klubunun (İslandiya) baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la qarşılaşmadan əvvəl mətbuat konfransından deyib.
O bildirib ki, sabah futbolçuları üçün çətin olacaq:
"Qarabağ"ın heyətində dəyişiklik oldu. Amma baş məşqçiləri eynidir. İnanıram ki, yeni oyunçular da mövcud taktikaya uyğunlaşacaqlar. Mən yoldaşlıq oyununu izlədim, taktika eynidir. Rəqib olana qədər "Qarabağ"ı izləyirdim. Çempionlar Liqasında oyunlarına baxmışdım. İndi də taktika eynidir, oyunçular dəyişsələr belə".
Baş məşqçi "Qarabağ"la qarşılaşacaqlarını biləndə oyunçularının çox sevinməsinin nə ilə bağlı olduğu sualını belə cavablandırıb:
"Azərbaycan gözəl ölkədir. Buranın belə olduğunu düşünməzdim. Oyunçularım "Qarabağ"la qarşılaşacağımızı biləndə sevindilər. Bu, səviyyə ilə əlaqəlidir. Çünki potensial rəqiblərimiz arasında ən güclüsü "Qarabağ" idi".
Qonaq komandanın baş məşqçisi bildirib ki, Ağdam klubu topla oynamağı sevir və Azərbaycan klubuna qarşı əks-hücumda üstünlük qurmağa çalışacaqlar.
Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.