“Daha artığını etməyə, möcüzəni reallaşdırmağa çox yaxın idik”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı müdafiəçi gələcəkdə avrokuboklarda daha çox irəliləyəcəklərinə inandığını bildirib: “Bu cür turnirdə belə mübarizə apardığımız üçün sevinirik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Daha çox irəliləmək üçün təcrübə lazımdır. İlk dəfə idi ki, 1/8 finalda iştirak edirdik. Bu cür oyunlar keçirərək zamanla daha da irəli getmək olar”.
Qeyd edək ki, Bakıdakı ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. İki matçın cəmində 4:5 hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.