Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qarabağ”ın məşqçisi: “Sportinq”i büdrətmək barədə düşünürük
“Qarabağ”ın məşqçisi Elçin Rəhmanovun Oxu.Az saytına müsahibəsi:
– Sabah “Qarabağ” Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirəcək. Görüşlə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı...
– Ciddi rəqibdir. Evdə oynadığımızdan çalışacağıq ki, yaxşı oyun göstərib azarkeşlərimizi sevindirək. Rəqib Avropa arenasında çıxış təcrübəsi olan komandadır. Hər xətdə yaxşı oyunçuları var.
– Lissabonda 0:2 hesabı ilə uduzdunuz. Rəqib nə qədər tanınmış olsa belə, ilk oyundan sonra onların zəif cəhətlərini, yəqin ki daha yaxşı tapmaq imkanınız oldu. Həmin cəhətləri sadalasaq, hansıları göstərmək olar?
– Düzdür, istənilən komandada zəif cəhət olur. Amma “Sportinq” kimi güclü komandanın zəif cəhətlərini sadalamaq bir qədər düz olmaz. Çalışacağıq ki, öz oyunumuzu göstərək, onlara çətinlik yaradaq. Amma düz qeyd etdiniz ki, ilk oyundan sonra istər-istəməz rəqibi daha yaxından tanıdıq.
İndi etdiyimiz səhvlər üzərində işləyib bu dəfə daha yaxşı formada bu rəqiblə oynamaq istəyirik. Biz daha çox onları büdrətmək üçün öz oyunumuz haqda düşünürük. Həm də onlarda baş məşqçi dəyişikliyi olub. Ola bilsin ki, yeni məşqçidə yeni oyun üslubu olsun.
– Yeni məşqçinin komandasını Portuqaliyada sizdən izləyən olub?
– Yox. Bir oyun keçirib. Portuqaliya kubokunda aşağı divizion komandası üzərində 4:1 hesablı səfər qələbəsi qazanıblar. Bunu da internet vasitəsilə izləmişik. Amma kubok matçı ilə çempionat və ya avrokubok matçı eyni deyil.
– Bizdə İnosent Emeqaradan başqa, zədəli oyunçu varmı?
– Yalnız o zədəlidir. Qalan hamının durumu yaxşıdır.
– “Sportinq”in əsas heyətinin bir neçə futbolçusu Bakıya gəlməyəcək. Bu amil nə dərəcədə nəticəyə təsir etməyə malikdir?
– “Sportinq”dən danışırıqsa, gəlməyənlərin yerinə gələnlər meydana daha da istəkli çıxacaq. Ona görə də düşünmürəm ki, onlar buna görə problem yaşasın... Futbolçularımızın özləri də dərk edir ki, kimlərinsə gəlib-gəlməməsi “Sportinq”ə elə bir ciddi təsir etməyəcək. Məşqçilər korpusu olaraq biz də futbolçular üzərində işləyirik ki, onlar bundan arxayınlaşmasın.
– Komandamızın “pley-off”a çıxmaq şansları hələ də qalır. Real yanaşsaq, çıxmaq şanslarımız komandanın içində necə görünür?
– Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Bunu zaman göstərəcək. Çalışacağıq ki, ən azı meydanda yaxşı mübarizə göstərib, yaxşı oyunumuzla yadda qalaq.
– Ötən ay çempionatda “Səbail”lə görüşdə meydana buraxılmış Abbas Hüseynovun adı protokola daxil edilmədiyi üçün “Qarabağ”a texniki məğlubiyyət verildi. Bu məsələyə görə məsuliyyəti sizin daşıdığınız bildirildi. Bundan sonra belə bir xəbər çıxdı ki, Qurban Qurbanov siz də daxil olmaqla, bütün köməkçilərini cərimələyib. Bu məsələyə münasibət bildirməyinizi istərdik...
– Zatən Qurban müəllim buna münasibət bildirib. Klubun öz kodeksi var. Ona görə də cərimələndik... Amma cərimə məbləğini açıqlamaq istəmirəm. Çünki bu, klubdaxili məsələdir.
– Əslində, doğrudanmı, “Qarabağ”ın məşqçilərindən protokol doldurulmasına görə siz cavabdehlik daşıyırsınız?
– Gəlin, bu məsələyə çox geniş şəkildə toxunmayaq. Bizdə klubda bir səhvə görə tək kimisə günahlandırmaq düzgün deyil. Cəriməni də buna görə bütün komanda alıb.
Səbuhi MUSAYEV
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib