Fransanın Marsel şəhərindəki təxribatdan AFFA-nın da xəbəri var.
Bu barədə Oxu.Az-a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib:
“Oyun zamanı həmin plakatın qaldırılması və separatçıların əski parçasının asılmasından AFFA rəhbərliyinin məlumatı var. Matçın gedişatında UEFA rəsmiləri ilə mütəmadi əlaqə saxlanılıb. Bu səbəbdən də stadiondakı stüardlar (təhlükəsizlik nümayəndələri) dərhal bu təxribatın qarşısını almağa çalışıblar. Bu yayılan şəkildə də mövcuddur”.
13:02
“Qarabağ” klubu Fransanın Marsel şəhərində növbəti erməni təxribatı ilə üzləşməsinə dair UEFA və yerli “Marsel” klubunu məlumatlandırıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib:
“Oyun zamanı separatçıların bayraqlarının qaldırılmasını və “Qarabağ Ermənistandır” sözləri yazılmış banneri görmüşük. Biz Marseldə ermənilərin çoxluq təşkil etdiyini bildiyimizdən, bu barədə UEFA və klubu məlumatlandırmışdıq. Ancaq təəssüf ki, yenə ermənilər çirkin təxribata əl atdılar.
Həmin bayraqlar ilk hissənin sonlarında – Arkadyuş Milikin ilk qolundan sonra üzə çıxarıldı. Banner isə matçın son dəqiqələrində qaldırıldı. Ancaq stüardlar dərhal ora gedərək banneri yığışdırdılar.
Biz oyundan sonra şifahi şəkildə klub və UEFA nümayəndəsinə bu barədə məlumat verdik. Yazılı da şikayət edəcəyik. Klubdan bayraqlar və bannerin stadiona necə keçirildiyini bilmədiklərini dedilər. Təxribatın qarşısı vaxtında alınmadığı üçün “Marsel” ev sahibi olaraq məsuliyyət daşıyır. Yəqin ki, buna görə cərimələnəcəklər”.
Qeyd edək ki, Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Marsel” – “Qarabağ” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
12:24
UEFA Konfrans Liqasının pley-off mərhələsində çıxış edən təmsilçimiz “Qarabağ”ın oyununda ermənilər növbəti təxribata əl atıblar.
Sosial şəbəkənin erməni seqmentində paylaşılan görüntülərdə “Marsel”in erməni “azarkeşlərinin” açdığı plakat paylaşılıb.
Separatçı fikirlərin əks olunduğu plakatın olduğu tribunada həmçinin çox sayda Ermənistan bayraqları və separatçıların əsgi parçası da yer alıb.
Qeyd edək ki, buna qədər “Qarabağ”ın “Düdelanj” və APOEL kimi komandalarla oyunlarında da ermənilər analoji təxribatlara yol vermişdi.
