Ağır atletika üzrə Olimpiya oyunları qalibi 20 yaşlı Nicat Rəhimov Qazaxıstan yığmasında çıxış edə bilər.
Oxu.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, idmançının Qazaxıstana dəvət alması barədə Qazaxıstan Ağır atletika Federasiyasından bildiriblər.
“Qazaxıstan ağır atletika Federasiyası Nicat Rəhimovun Qazaxıstan ştanq qaldıranlar komandasına keçidi haqqında Azərbaycan Ağır Atletika Federasiyası ilə danışıqlar aparmağı planlayır. Bununla yanaşı, federasiyalar arasında dostluq və əməkdaşlıq münasibətləri, eləcə də idmançının və onun valideynlərinin təşəbbüsü nəzərə alınacaq” – deyə federasiyanın məlumatında xəbər verilir.
Nicat Rəhimov yüksək potensialı olan istedadlı və gənc idmançıdır. Onun Qazaxıstan komandasına keçidi, orda olan ağır atletika idmançıları arasında rəqabəti yüksəldəcək.
İdmançı Qazaxıstan bayrağı altında çıxış etməyi düşünsə bu haqqı idman prinsipləri ilə qazanmalı olacaq.
Əlavə edək ki, Rəhimov 77 kq çəki kateqoriyasında çıxış edir. 2010-cu ildə o, Sinqapur Olimpiya oyunlarında yeniyetmələr arasında qalib olub, 2013-cü ildə keçirilən çempionatda 2-ci olub. 2013-cü il Kazanda keçirilən Universiadada Azərbaycan bayrağını daşısa da yer tuta bilməyib.