Azərbaycan Qolf Federasiyası və European Tour-un təşkilatçılığı ilə Qubadakı Milli Qolf Klubunda keçirilən beynəxalq Challenge Tour yarışması başa çatdı.
Oxu.Az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubada yarışda iştirak edən bütün qolfçulara öz təşəkkürünü bildirdi.
A.Məmmədovun sözlərinə görə, bu gün Qubada Challenge Tour yalnız başlanğıcdır və gələcəkdə ölkəmizdə qolf üzrə daha mühüm, əhəmiyyətli tədbirlər keçiriləcək.
“Dəvətimizi qəbul edərək, Qubada turnirə qatılan bütün qolfçulara öz təşəkkürümü bildirirəm. Çox gözəl oyun alındı. Ümid edirəm ki, Qubadakı Milli Qolf Klubunda təkcə European Challenge Tour deyil, həm də qolf üzrə digər beynəlxalq yarışlar da baş tutacaq”.
Daha sonra çıxış edən European Tour-un prezidenti Allan de Soltre Azərbaycanın Challenge Tour-un keçirildiyi 45-ci ölkə olduğunu vurğuladı.
“Azərbaycanın 2 yaşlı Qolf Federasiyası yarışın keçirilməsi üçün böyük işlər görüb və buna görə, bütün bu işlərin təşkilatçısı cənab Anar Məmmədova dərin təşəkkürümü bildirirəm.
Göstərdiyiniz dəstəyə görə sizin hər birinizə çox sağ olun deyirəm. Azərbaycanın Qolf Federasiyası, Qubadakı Milli Qolf Klubu doğurdan da fantastik bir iş gördü”.
Daha sonra isə Azərbaycanda keçirilən Challenge Tour-un qalibləri təqdim olundu.
European Tour-un icraçı direktoru Matts Lanner yarışın bütün mərhələlərini başa vurduqdan sonar 4 qalibin növbəti mərhələyə keçid aldığını söylədi.
Yarışda 4-cü yeri İngiltərən olan Stiven Braun, 3-cü yeri digər ingiltərəli oyunçu Endrü Conson tutdu. 2-ci yerdə fransalı qolfçu Maykl Lorenso qərarlaşdı.
Azərbaycanda keçirilən beynəlxalq Challenge Tour-un qalibi isə bu il üçüncü qələbəsini qeyd edən almaniyalı qolfçu Morits Lampert oldu.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov turnirin kuboku və mükafatını qalib qolfçuya təqdim etdi.
Daha sonra mikrofon qarşısına keçən Morits Lampert belə bir möhtəşəm yarışın keçirilməsinə görə Azərbaycan Qolf Federasiyasına, yarışda təşkilatçılara dəstək olan könüllülərə öz dərin minnətdarlığını bildirdi.
Sonda qaliblər və qonaqlar birgə şəkil çəkdirdilər.
Beləliklə, Azərbaycan tarixində ilk dəfə keçirilən Challenge Tour başa çatdı. Ölkəmizdə növbəti Challenge Tour yarışması növbəti ildə keçiriləcək.