“Sevilya” kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Sabah UEFA Avropa Liqasının A qrupu mərhələsi çərçivəsində “Qarabağ” İspaniyanın məşhur klublarından olan "Sevilya”nı qəbul edəcək. Oyundan öncə Qurban Qurbanov fikirlərini bildirib:
“Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik.
Mahir Emrelinin durumu yaxşı deyil. Sabah oynamayacaq.
Miçel özü də burdadır, soruşa bilərsiniz. “Sevilya” barədə ondan və digər ispan futbolçularımızdan heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac yoxdur. “Sevilya”nı yaxından tanıyırıq.
Rəqib baş məşqçi Xulen Lopeteqi ilə xüsusi tanışlığım yoxdur. Ancaq “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. O, futbolçularından əsl ispan futbolu tələb edir. Ümumiyyətlə, bu ölkənin futboluna marağım böyükdür, ən çox izlədiyim çempionat La Liqadır və ən çox da İspaniya millisinin oyunlarına baxıram.
Rəqibin heyətində bir nəfər deyil, gərək hamısını bir-bir sayım. De Yonqu, Baneqanı, Çiçaritonu, Navası, başqalarını vurğulaya bilərəm, hamısının adını çəkmək olar. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsınlar”.
Oxu.Az-ın əməkdaşının “Bütün “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə oyunlardan danışırlar. Düşünmürsünüz ki, həmin heç-heçələr sizin əleyhinizə işləyir? O baxımdan ki, bu gün “Sevilya” sizə yuxarıdan aşağı baxmır və daha ciddi hazırlaşır” sualına Q.Qurbanov belə cavab verib:
“Açıqlamalarından məlumdur ki, çox ciddi hazırlaşırlar. Digər tərəfdən, bəli, ola bilər ki, həmin nəticələr onların bizə daha ciddi yanaşmasına səbəb olub. İnanmıram ki, qrup mərhələsində hansısa komanda özünü rahat hiss etsin. Son vaxtlar futbolda fərqli və gözlənilməz nəticələr çox olur. Ona görə də hər bir iddialı komanda daha ciddi hazırlaşmağa vadar olur”.
Mətbuat konfransında olan “Qarabağ"ın ispan futbolçusu Miçel isə bunları bildirib:
“Bizim üçün “Sevilya” kimi komandaya qarşı oynamaq çox xoşdur. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib. Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
Rəqibin ispaniya təmsilçisi olması şəxsən mənim üçün bunu özəl bir oyuna çevirib.
Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Çalışacağıq ki, bütün matçlardan zövq alaq və azarkeşlərimizi sevindirək.
Üç gün əvvəl çempionatda vacib matç var idi, daha çox ona yönəlmişdik, sonra istirahətimiz oldu. Bu gündən danışmaq üçün imkanımız olacaq. Doğrudan da, öz ölkənin komandasına qarşı oynamaq özəldir. Doğma meydanda çıxış edəcəyik, zövq almağa çalışacağıq.
İllər öncə “Sevilya”ya qarşı oynamışam. O komanda ilə oyunlarla bağlı həm xoş, həm də xoşagəlməz xatirələrim var. Qalib gəldiyimiz və uduzduğumuz oyunlar olub. “Sevilya” hər zaman Çempionlar Liqasında oynamağa can atan komandadır. Bizi çətin oyunlar gözləyir.
“Sevilya”da “Xetafe”də bir yerdə oynadığım Serxio Eskudero ilə tanışam. Hələ ki, danışmaq imkanımız olmayıb, sabah imkan olacaq”.
Qeyd edək ki, “Qarabağ” - “Sevilya” matçı sabah saat 20:55-də başlayacaq.
Səbuhi Musayev