"Şelburn"la matçda az güc sərf edib, yaxşı oyun sərgiləməyi planlaşdırırıq".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
"Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. İnşallah, sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik. Mərhələni keçən komanda bəlli deyil. Hələ cavab qarşılaşması var".
Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini bildirib.
"Hücum xəttinə uzun müddətdir ki, yeni oyunçu axtarışındayıq. Bu müddətdə danışıq apardığımız, hətta, razılıq əldə etdiyimiz futbolçular oldu. Görünən odur ki, daha sərfəli təkliflər aldılar və başqa komandanı seçdilər. Hazırda heyətdə yer alan hücumçulardan razıyam. Yeni hücumçu transfer etməklə komandanın ön xətdəki gücünü bir qədər də artırmaq istəyirik".
Komandamızın baş məşqçisi əlavə olaraq qeyd edib ki, Marko Yankoviç və Dani Bolt zədə səbəbindən görüşü buraxacaq.
"Dani zədə səbəbindən sabahkı görüşdə iştirak edə bilməyəcək. Yankoviçin isə oynayıb-oynamayacağı sabah bəlli olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov