Murad Nəsimi yazır...
Futbolun yaddaşı çox zəifdir. Dünənin uğurlarına görə alqış tutanlar, ilk büdrəmədə səni ən sərt tənqid edən adamlara çevrilirlər.
Dünyada nə qədər uğurlu, klub, baş məşqçi, futbolçu varsa, bu vəziyyətlə mütləq qarşılaşıb: Dünənə görə çox sağ ol, bu günə görə cavab ver. Təbii ki, bu davranış inkişaf üçün xeyirli hesab oluna bilər. Amma bir məsələni də unutmaq olmaz. Edəcəyimiz hər bir həddindən artıq sərt tənqid məhz elə inkişafa mane olan amil də ola bilər.
Avrokuboklarda yeni mövsümə start veriləndə heç kim klublarımızdan bu qədər uğurlu start gözləmirdi. Lakin "Sabah", "Zirə" və "Qarabağ"ın möhtəşəm startı ilə klublarımız avrokubok oyunlarında 7 qələbə qazanmaqla Azərbaycan futbol tarixində yeni rekord müəyyənləşdirdilər.
Əfsuslar olsun ki, bu uğurlu seriya davam etmədi. "Neftçi" və "Zirə" mübarizəni ikinci mərhələdə dayandırdı. "Sabah" Çempionlar Liqasının üçüncü mərhələsinə vəsiqə qazanmaqla möhtəşəm uğura imza atdı və biz "Sabah" klubunu bu il ən azından UEFA Konfrans Liqasının liqa mərhələsində görəciyik.
İllərdir Azərbaycanı avrokuboklarda təkbaşına təmsil edən "Qarabağ" klubu isə UEFA Avropa Liqasında "ÇSKA Sofiya" klubuna penaltilər seriyasında məğlub olmaqla mübarizəsini UEFA Konfrans Liqasının üçüncü mərhələsindən davam etdirəcək.
Bəli, nəticə məyusedicidir. "Qarabağ"ın azarkeşləri daha artığını gözləyirdilər. Amma bu məğlubiyyətə görə illərlə qurulan sistemi, görülən işi və yazılan tarixi bir anda silmək nə qədər doğrudur? Məhz elə bu gözləntiləri yaradan "Qarabağ" özü deyil?
Bugünkü "Qarabağ"ın ərsəyə gəlməsində və Avropada adından kifayət qədər söz etdirməsində illərin zəhməti var. Çox uzağa getməyə ehtiyac yoxdur. Ötən mövsüm "Qarabağ"ın UEFA Çempion Liqasının liqa mərhələsində göstərdiyi nəticələr, eyni zamanda pley-offa vəsiqə qazanması nəinki Azərbaycanda, bütün dünya mediasında manşetləri bəzəyirdi.
Azərbaycan futbolunda Avropa deyəndə ilk yada düşən ad "Qarabağ"dır. Bu, təsadüfi deyil. Qurban Qurbanov və komandası illərdir ölkə futbolunun Avropadakı simasıdır. UEFA reytinqində Azərbaycanın yüksəlməsində ən böyük pay məhz "Qarabağ"a məxsusdur.
Bir məsələni də unutmaq olmaz. Komanda yay fasiləsində ciddi dəyişikliklər yaşadı. Emmanuel Addai, Sami Mmaee, Kevin Medina, Leandro Andrade, Ramil Şeydayev, Toral Bayramov, Amin Ramazanov və Kamilo Duran kimi futbolçularla yollar ayrıldı. Onların yerinə isə Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis transfer edildi. Xüsusilə Kevin Medina və Leandro Andrade uzun illər komandanın əsas sütunlarından idilər.
Təbii ki, bəziləri düşünə bilərlər ki, "Qarabağ" bu futbolçuları komandada saxlaya bilərdi. Lakin futbolda yenilik hər zaman vacibdir. Zamanı gəldikdə bəzi futbolçularla vidalaşmağa və komandanı yeniləməyə məcbursan. Bu yenilikləri, nəsil dəyişmə prosesini sistemli və mərhələli şəkildə etməyən klubların zamanla necə bir çətin vəziyyətə düşdüyü ilə bağlı yüzlərlə misal çəkmək olar.
Bu qədər dəyişiklikdən sonra komandanın əvvəlki səviyyədə, əvvəlki uyğunluqla oynamasını gözləmək reallığa uyğun deyil. Futbolda uyğunlaşma vaxt tələb edir. Yeni futbolçuların oyun fəlsəfəsini mənimsəməsi, komanda daxilində əlaqələrin formalaşması bir neçə həftənin işi deyil. Bunu ən yaxşı sübut edən elə "Qarabağ"ın öz tarixidir.
Qurban Qurbanovun komandası da bu səviyyəyə bir mövsümdə gəlməyib. Bu gün Avropada hörmət qazanan "Qarabağ" illərlə qurulan sistemin, səbrin və davamlı inkişafın məhsuludur.
ÇSKA ilə iki oyuna baxanda da görünür ki, "Qarabağ" rəqibindən zəif deyildi. Əksinə, oyun baxımından üstün olduğu anlar az olmadı. Sadəcə futbol bəzən cəmi bir epizodun, bir penalti seriyasının oyunu olur. Həmçinin nəzərə almaq lazımdır ki, "Qarabağ"ın Avropada bu qədər uğur qazanması istənilən rəqibin onlara qarşı oyunlara ikiqat daha artıq ciddi yanaşmasına gətirib çıxarır.
Buna sübut olaraq "Qarabağ"ın UEFA Avropa Liqasının birinci mərhələsində "Vestri"yə qarşı oyundan sonra rəqib komandanın baş məşqçisinin açıqlamasını göstərmək olar. İslandların baş məşqçisi Daniel Osafo-Badu oyundan sonra keçirilən mətbuat konfrasında "Qarabağ" kimi rəqibə qarşı oyundan oyunçularının çoxlu təcrübə qazandığını xüsusilə qeyd etmişdi.
İndi isə qarşıda UEFA Konfrans Liqası var. Rəqib "Dinamo Kiyev" kimi böyük tarixə malik komandadır. Bu, "Qarabağ" üçün həm yeni sınaq, həm də tənqidlərə meydanda cavab vermək imkanıdır.
Qurban Qurbanov dəfələrlə göstərib ki, ən çətin məğlubiyyətlərdən sonra belə komandasını ayağa qaldırmağı bacarır. Azərbaycan futbolunda onun qurduğu sistem təsadüf deyil. Bu sistem bir oyunun nəticəsi ilə dağılacaq qədər zəif də deyil. Bəzən futbolu yalnız son nəticə ilə qiymətləndiririk. Halbuki böyük komandaları fərqləndirən məhz məğlubiyyətdən sonra necə reaksiya vermələridir.
"Qarabağ" illərdir bunu bacarıb. Bu dəfə də bacaracağına inanmaq üçün kifayət qədər əsas var. Çünki tarix göstərir ki, Qurban Qurbanovun komandası haqqında ən düzgün hökm bir oyundan sonra deyil, mövsümün sonunda verilir.
Son olaraq bu gün "Qarabağ"ın ən çox ehtiyac duyduğu şey dəstəkdən əvvəl ədalətdir. Çünki ədalətin ən qədim qaydalarından biri dəyişmir: Sezarın haqqı Sezara verilməlidir. Qurban Qurbanov və "Qarabağ" isə bu haqqı illərdir öz zəhməti ilə qazanıb.