Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rafael Fiziyev: "Castin Qeycidən rədd cavabı gələndən sonra özümə bir kiloqram dondurma aldım"
"Den Hukerin zədələndiyini və döyüşdən kənarlaşdırıldığını biləndə dərhal rəhbərliyə onu əvəz edə biləcəyimi bildirdim".
Oxu.Az xəbər verir ki, bu sözləri azərbaycanlı qarışıq döyüş növləri (MMA) ustası Rafael Fiziyev martın 8-də Las-Veqasda (ABŞ) Castin Qeyciyə qarşı döyüşə razılığın necə alınması barədə danışarkən deyib.
"Birinci yox dedilər. Getdim, bir kilo dondurma alıb yedim. Səhər əlaqə saxladılar və: "Çamadanlarını yığ, gəl Las-Veqasa", - dedilər. Problem ondadır ki, məşqçilər korpusuna qulaq asmıram, fanatların səsini eşidəndə döyüş planını atıram kənara və şou göstərirəm. Bu dəfə söz vermişəm, səbirli olacağam, amma heç öz dediyimə inanmıram. İslam? Təbii ki, o, layiqli çempion olduğunu sübut etdi. Çəkimizdə yaxşı çempion var və hamımız onu məğlub etmək istəyirik. Hələ də inanıram ki, Arman İslamı keçərəm. Topuria, həmçinin çox rəqabətli döyüş göstərir. Onu da deyim ki, Maxaçev son vaxtlar ayaq üstə artırıb. Bu şənbə qalib gəlsəm, vəziyyətim əla olacaq. Döyüşdən sonra kimə səslənəcəyəm? Heç bilmirəm. Dastin Porye olsun, baxarıq".
Mövzu ilə bağlı açıqlama verən azərbaycanlı döyüşçünün meneceri və yaxın dostu Sayat Abdrahmanov isə Rafael Fiziyevin qarşılaşmaya 100 faiz hazır olduğunu bildirib:
"Rafa çətinliklərin öhdəsindən gəlməyi, risk etməyi xoşlayır. Əvvəlcə Qeycinin onunla döyüşməyə razı olub-olmayacağı tam müəyyənləşmədiyi üçün müəyyən tərəddüdlər vardı".
Abdrahmanov bildirib ki, keçən il Parisdə Fiziyevlə fransalı Benua Sen-Deni arasında döyüşün keçirilməsi variantı var idi:
"Biz razılığımızı vermişdik, lakin UFC bu döyüşü Moykanoya verməyi qərara aldı. Noyabr və dekabrda döyüş variantları müzakirə olundu, lakin rəqib tapmaq mümkün olmadı. Fevral üçün bizə Qamrotu təklif etdilər, amma o imtina etdi".
Fiziyevin meneceri qarşıdakı döyüşdən gözləntilərini də bölüşüb:
"Bəziləri deyəcəklər ki, Rafanın itirəcəyi heç nə yoxdur. Digər tərəfdən, döyüşçülərin hər biri öz sağlamlıqlarını riskə atırlar. Fiziyev uzun müddət fasilə verib, lakin qarşıda onu ciddi rəqib gözləyir. Rafa razılaşıbsa, deməli, 100 faiz hazırdır. Əvvəlcədən bəhanələr axtarmağa ehtiyac yoxdur, biz bu qərarın bütün nəticələrini qəbul etməyə hazırıq".
Fiziyev Qeyciyə qalib gələrsə, kəmərə iddia edib-etməyəcəyi ilə bağlı suala Abdrahmanov belə cavab verib:
"Bu, bir çox amillərdən asılıdır, lakin belə bir vəziyyət mümkündür. Hamısı digər namizədlərin vaxtından və hazırlığından asılıdır".
Qeyd edək ki, Fiziyev və Qeyci arasında döyüş martın 8-də Las-Veqasda keçiriləcək.