"Real Madrid" klubunda belə hesab edirlər ki, bu mövsüm futbolçuların kütləvi şəkildə zədələnməsi keçmiş baş məşqçi Xabi Alonsonun rəhbərliyi dövründə hazırlıq prosesinin qeyri-peşəkar və keyfiyyətsiz planlaşdırılmasının birbaşa nəticəsidir.
Oxu.Az xəbər verir ki, bu barədə "AS" nəşrində dərc olunan məqalədə bildirilib. Qeyd edilib ki, cari mövsümdə "Kral klubu"nun bir çox aparıcı simaları - Kilian Mbappe, Cud Bellinqem, Tibo Kurtua və Trent Aleksander-Arnold ağır zədələrlə üzləşib.
Nəticədə komandanın əsas heyətinə David Ximenes Korredor və Tiaqo Pitarç kimi gənclər komandasının üzvləri cəlb olunmağa başlayıb.
Qeyd edək ki, İspaniya La Liqasında geridə qalan 30 turdan sonra aktivinə 69 xal yazdıran "Real Madrid" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider "Barselona"dan yeddi xal geri qalır.