"Mən kiminsə taktikasını yamsılaya bilmərəm".
Oxu.Az xəbər verir ki, bunu yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
O bildirib ki, daha əvvəl U-21 millisinin baş məşqçisi olmuş Ayxan Abbasovun millini beynində gördüyü kimi görə bilməz:
"Hər bir məşqçi fərqlidir. Bizim məqsədimiz kimisə yamsılamaq deyil. Düşünürəm ki, məşqçi üçün əsas məqsəd futbolçularının müsbət tərəflərini maksimum dərəcədə meydançada göstərməsinə nail olmaqdır. Taktikanın 4-4-2 və ya 5-4-1 olması önəmli deyil. Əsas - prinsiplərdir və oyunçuların keyfiyyətinin yüksəldilməsidir".
Qeyd edək ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb. Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.
Murad Nəsimi