AFFA-nın baş katibi Elxan Məmmədovla Reynaldo arasında görüş keçirilib. Görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib.
Oxu.Az xəbər verir ki, görüşlə bağlı Publika.az-a məlumat verən AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlunun bildirdiyinə görə, Reynaldo ilə onun milli komandaya cəlb olunması ilə bağlı müzakirələr aparılıb:
“AFFA-nın inzibati binasında Elxan Məmmədov, Qurban Qurbanov və Reynaldo görüş keçirib. Reynaldonun milliləşdirilməsi barəsində müzakirələr aparılır. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq”.
16:28
Bu gün AFFA-da qurumun baş katibi Elxan Məmmədovla “Qarabağ”ın futbolçusu Reynaldo Silva arasında görüş keçirilib.
Oxu.Az Qol.Az-a istinadən xəbər verir ki, görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib. Müzakirələr zamanı R.Silva millimizdə oynamaqla bağlı AFFA-nın rəsmi təklifini qəbul edib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-ın müxbiri ilə söhbətində görüşün keçirilməsi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, AFFA Braziliya vətəndaşlığı olan Reynaldoya Azərbaycan pasportunun verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcək. Eyni zamanda məsələ ilə əlaqədar FİFA da məlumatlandırılacaq.