"Ən-Nəsr" rəhbərliyi klubun baş direktoru Məcid Caman Əl-Sorurunu işdən çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti açıqlama yayıb:
"Baş direktorun bəzi əməlləri ilə bağlı müxtəlif mənbələrdən məlumat daxil olub. Bunun əsasında İdarə Heyəti onun səlahiyyətlərinin mayın 8-dən dayandırılması və araşdırma aparılması barədə qərar qəbul edib. Əl-Sorur rəsmi məlumatlandırılıb və bütün detallardan tam xəbərdar olub. O, informasiyanın açıqlanmaması barədə rəsmi sənədə qol çəkib.
Araşdırma zamanı baş direktor şəxsi hesabından tvit yazaraq, şirkətin reputasiyasına xələl gətirməklə öhdəliklərini pozub. Bundan sonra Direktorlar Şurası yekdilliklə onun müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edib".
Əl-Sorur isə qəbul olunan qərardan məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Kriştianu Ronaldunun şərəfini qoruduğu "Ən-Nəsr" 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında üçüncü yeri tutub.