Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun Corcina Rodrigeslə keçiriləcək toy mərasiminin qonaq siyahısı bəlli olub.
Oxu.Az "MMA Weekly" nəşrinə istinadən xəbər verir ki, Ronaldu toyuna UFC-nin sabiq çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqoru dəvət edib.
Mərasimdə, həmçinin dünya şöhrətli musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopes, məşhur bloqer "IShowSpeed", britaniyalı teleaparıcı Pirs Morqan və digər tanınmış simaların iştirak edəcəyi gözlənilir.
Məlumata görə, Ronaldu və Corcina Rodrigesin toyu qarşıdakı həftəsonu Portuqaliyanın Madeyra adasında keçiriləcək. Cütlük əvvəlcə Funşal kafedral kilsəsində nikah mərasimini təşkil edəcək, daha sonra isə beşulduzlu hoteldə toy məclisi baş tutacaq.
Qeyd olunur ki, mərasimlə əlaqədar olaraq hotelin qonaqlarına cümə və şənbə günləri binanın iki mərtəbəsinin, eləcə də bir neçə bar zonasının bağlanacağı barədə əvvəlcədən məlumat verilib.
Xatırladaq ki, Funşal Kriştianu Ronaldunun doğulduğu şəhərdir. Portuqaliyalı futbolçu Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib. Cütlük 2016-cı ildən münasibətdədir.