Mövsümün 4-cü yarışı olan Rusiya Qran Prisi bir sıra maraqlı hadisələrlə əlamətdar oldu.
Oxu.Az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bunlardan ən əsası isə Mercedes AMG komandasının pilotu Niko Rosberqin ardıcıl 7-ci qələbəsini qazanmasıdır. Keçən mövsümün son 3 yarışında qalib gələn alman sürücü bu mövsüm də 4 yarışda 100 %-lik nəticə göstərib. O, ardıcıl qazanılan qələbə sayında Alberto Askari və Mixael Şemaxerə çatdı. Bu siyahıda birinci yerin sahibi isə Sebastian Fetteldir.
Soçi Avtodromunda nələr baş verdi? Gəlin bir-bir nəzərdən keçirək.
Sıralanma turu
Şənbə günü keçirilən sıralanma turunun ilk 2 sessiyasında elə də qeyri-adi bir şey baş vermədi. Lakin 3-cü sessiyanın əvvəlində məlum oldu ki, üçqat dünya çempionu, Mercedes AMG komandasının pilotu Luis Hamilton Çin Qran Prisində olduğu kimi mühərrik problemi ilə qarşılaşıb və trasa çıxa bilməyəcək. Beləliklə, Luis yarışa 10-cu yerdən start verməli olacaqdı. Sıralanma turunu 2-ci yerdə bitirən Sebastian Fettel isə ötürmələr qutusunu dəyişdirdiyinə görə 5 yer itirmək cəzası almışdı və 7-ci yerdən başlamalı oldu. Niko Rosberq asanlıqla poul mübarizəsinin qalibi oldu.
Yarışın startı və ilk dövrələr
Fettelin cəzasına görə yarışa 2-ci yerdən Valtteri Bottas, 3-cü yerdən isə Kimi Raykkonen start verməli idi. Start verildi və Niko Rosberq öz yerini qoruya bildi. İlk döngədə isə artıq bu il adət halını almış qəzaları izlədik. Daniil Kvyat Sebastian Fettelin maşınını arxadan vurdu. Bu da azmış kimi, rusiyalı sürücü növbəti döngədə sürətini bir qədər itirən Fettellə yenidən təmas yaşadı və Fettelin qəzaya uğramasına səbəb oldu. Bundan əvvəl isə Rio Haryanto və Niko Hulkenberq artıq mübarizəni dayandırmışdılar. Təhlükəsizlik maşını trasa daxil oldu. Onun trasdan çıxmasından sonra da Rosberq liderliyini davam etdirdi.
Luis Hamiltonun yüksəlməsi
Yarışa 10-cu yerdən başlayan britaniyalı sürücü təhlükəsizlik maşnı trası tərk etdikdən sonra artıq xeyli irəliləmişdi. O, əvvəlcə Raykkoneni keçdi. Sonra isə onun qarşısında Williams pilotu Valtteri Bottas var idi. Bir neçə dövrə finlandiyalının arxasında qalan Luis pit-stoplardan istifadə edərək onu üstələdi və yarışı 2-ci yerdə bitirmək üçün ciddi addım atdı.
Luis Nikoya yaxınlaşırdı, amma…
İki Mercedes AMG pilotu arasındakı vaxt fərqi 12 saniyə olsa da, Hamilton bu fərqi 7 saniyəyə qədər azaltdı. Bunda Nikonun dövrəvi sürücüləri keçməsinin və qənaət rejimində getməsinin də rolu oldu. Komandadan Hamiltona mühərrikdə su sızıntısının olduğu və ehtiyatlı sürməli olduğu bildirildi. Əvəzində isə, Niko Rosberq ardıcıl sürətli dövrələrlə aradakı fərqi əvvəlki səviyyəyə qədər qaldırdı.
Nikodan növbəti qələbə
Yarışın startından finişinədək liderliyi əldən verməyən Niko Rosberq rahat bir qələbə qazandı və xalını 100-ə yüksəltdi. Onun ən yaxın izləyicisi komanda yoldaşı Luis Hamiltondur və 57 xalı var.
Rusiya yarışı Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri, McLaren Honda komandasının sürücüsü Fernando Alonso üçün də əlamətdar oldu. O, startdakı qəzalardan yayına bildi və finişə 6-cı çataraq bu mövsüm ilk xallarını qazandı.
Yarışın digər bir qəhramanı isə Kevin Maqnussen oldu. Yarışa 17-ci yerdən başlasa da finişi 7-ci keçə bildi və həm özünə, həm də komandasına mövsümdəki ilk xallarını qazandırdı.
Rusiya yarışı yekunlaşdı və Formula 1 Avropaya gəlir. İki həftə sonra İspaniyada mövsümün 5-ci yarışı keçiriləcək. Yəni, bizim yarışa qədər daha 3 yarış – İspaniya, Monako və Kanada yarışları var.
E.Ə.
www.oxu.az