AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”nin Avropa Liqasında çıxışı haqqında fikirlərini bölüşüb.
“Düşünürəm ki, yaxşı oyun göstərməsinə baxmayaraq “Neftçi”nin bəxti gətirmədi, - Oxu.Az AFFA prezidentinin sözlərindən sitat gətirir. – Gənc futbolçular pis oynamırdılar, amma sonda qələbəni əldən verdilər.
Baş məşqçi Samir Əliyev öz vəzifəsində qalmalıdır. Çünki tarix göstərdi ki, xarici məşqçilər klub səviyyəsində uğur əldə etmirlər, nəticələri yerli mütəxəssislər göstərir. Samir gənc və ambisiyalıdır və o, “Neftçi”də uğur qazana bilər.
“İnter” və “Simurq” Premyer-Liqada oynayacaqlar, heç kim çempionatdan çıxmayacaq.
“İnter” hətta Avropa Liqasının 2-ci raunduna keçib və indi növbəti oyunlara hazırlaşır. “Bakı” barədə deyə bilərəm ki, yeni mövsümdə Premyer-Liqaya qayıdış olmayacaq. Komanda birinci divizionda çıxış edəcək, belə ki, ötən mövsümü sonuncu yerdə başa vurub. Sonra əgər elitaya keçə bilərsə, əlbəttə ki, Premyer-Liqada çıxış edə bilər.
Futbolun inkişafı üzrə yeni dövlət proqramında hansı məqamlar əks olunacaq? Hər şeydən öncə bütün səylər Azərbaycan yığmasının oyunlarının Bakıda keçiriləcəyi Avropa çempionatı-2020-nin final mərhələsinə düşməsinə istiqamətlənəcək. Çox istərdik ki, yığmamız bu turnirdə oynasın.
Yeni dövlət proqramında klublara maliyyə yardımına dair bənd olmayacaq. Pul klubların çıxış etməsində əsas məsələ deyil. Əsas odur ki, klublar bir nəfərdən asılı olmasın və ictimaiyyət tərəfindən idarə edilsin. Bizdə bir neçə klub artıq ictimai təşkilata çevrilib”.