Qarşıdan gələn birinci Avropa Oyunlarının iştirakçıları üçün yaradılan şərait Olimpiya tələblərinə müvafiqdir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya heyətinin rəhbəri İqor Kazikov bildirib.
İdmançılar və heyətlərin nümayəndələri mütəmadi olaraq nömrələrə yerləşdirilir.
“Yaşayış şəraiti Olimpiya tələblərinə müvafiqdir. Hər şey spartalılarda olduğu kimidir. Hamı üçün şərait eynidir. Bir otaqda iki nəfər. Nömrələrdə televizor yoxdur, əslində gənclər buna heç ehtiyac da duymurlar. Hər blokun öz routoru var, heç kim internetsiz qalmayacaq. Amma düşünürəm ki, heç kim gecə-gündüz internetdə oturmayacaq, axı məşqlər daha vacibdir” - Kazikov bildirib.
Qidalanma da Kazikovun sözlərinə görə, BOK-un tələblərinə tam uyğundur.
“Olimpiyaçının yeməyi qara kürü və balıq deyil. Restoran qidası deyil, amma ərzaq məhsullarının seçimi və kolorisi Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə uyğundur” - TASS-ın həmsöhbəti bildirib.
Atletlər kəndinin rəsmi açılışı iyun ayınnı 11-də olacaq, iyunun 12-də isə Rusiya azarkeşlərinin evinin təntənəli açılışı olacaq.
“Orada Azərbaycan sakinlərini də görməyə ümid edirik. Onlar özlərini səmimi və qonaqpərvər ev sahibi kimi göstərirlər. Çoxları küçədə Rusiya forması görərək yaxınlaşırlar. Öz dəstəklərini ifadə edir və bizə azarkeşlik edəcəklərini vəd edirlər. Ümid edirik ki, azərbaycanlı idmançılar da liderlər sırasında olacaqlar. Biz də onlara azarkeşlik edəcəyik” – Kazikov bildirib.