"Həqiqətən də, anlayıram ki, bəzən təsəvvürümüzə belə sığmayan bir səviyyəyə çatmışıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib.
V.Dambrauskas klubun cəmi 9 yaşının olduğunu xatırladıb: "Biz daha əvvəl nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Əvvəlki illərdə ardıcıl iki mərhələni belə keçməmişdik. İndi isə birdən-birə Çempionlar Liqasındayıq".
Baş məşqçi bunu çoxmərtəbəli binaya pilləkənlə qalxmağa bənzədib: "Təsəvvür edin ki, 12 mərtəbəli binaya daxil olursunuz və lift yoxdur. Birinci mərtəbədən birdən-birə beşinci və ya altıncı mərtəbəyə qalxa bilməzsiniz. Birinci, ikinci, üçüncü mərtəbələri keçməlisiniz. Biz isə bu binaya daxil olduq və hansısa şəkildə özümüzü ən yuxarı mərtəbədə tapdıq".
O, "Sabah"ın güclü komanda olduğunu, lakin real səviyyəsinin "Mançester Yunayted"lə görüşdə daha aydın görünəcəyini vurğulayıb: "Yaxşı komanda olduğumuzu bilirik, amma nə qədər yaxşı olduğumuzu sabah görəcəyik. Çünki artıq dünyanın ən yaxşıları ilə mübarizə aparacağıq".
V.Dambrauskas bildirib ki, ötən həftə açıqlanan dünyanın 50 ən yaxşı klubu siyahısında "Arsenal" birinci, "Barselona" beşinci, "Mançester Yunayted" isə doqquzuncu yerdə qərarlaşıb: "Bu mövsüm qarşılaşacağımız ən güclü komandalardan üçü dünyanın ilk onluğundadır. Bizim həmin sıralamada harada olduğumuzu bilmirəm. İndi əsas məsələ bu fürsətə uyğun səviyyədə çıxış etmək və əlimizdən gələnin ən yaxşısını etməkdir".