"Mən buraya gəlmişəm ki, "Sabah" haqqında suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqqında suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah"- "Araz-Naxçıvan" matçından sonra keçirilən mətbuat konfransında klubun baş məşqçisi Valdas Dambrauskas "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.
"Qarabağ" haqqında soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiniz və mənə "Qarabağ" haqqında sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabla məğlub edib.