"Bizi çox maraqlı oyun gözləyir".
Oxu.Az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas "Petrokub"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
"Rəqibin oyununu təhlil etmişik, son görüşlərini izləyirik. Çox maraqlı komandadır, əsasən müdafiəyə meylli oynayırlar. Oyunçuları çox kompaktdır və meydanda nə edəcəklərini yaxşı bilirlər. Məncə, evdə və səfərdə fərqli üslubda oynayırlar. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir mübarizə aparırlar. Səfərdə isə taktiki yanaşmaları bir qədər fərqlidir. Avrokuboklarda favorit olmursan, hər zaman bütün gücünlə mübarizə aparmalısan, çünki oyunların taleyini hər an xırda detallar həll edə bilər".
Valdas Dambrauskas əlavə edib ki, komanda harada olmasından asılı olmayaraq, qələbə qazanmaq məqsədilə oynayacaq.
"Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. "Sabah" artıq o səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq, hər oyuna qalib gəlmək üçün çıxsın. Biz də məhz bunu etməyə çalışacağıq. "Selye" ilə keçirdiyimiz iki oyun bizə oyun tərzimizi anlamaq, səhvlərimizi müəyyən etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox fayda verdi. Avropa futbolunda nəticəni həmişə kiçik detalllar həll edir. Meydana çıxırsan, döyüşürsən, amma sonda kiçik məqamlar və düzgün köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq".
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" komandası sabah "Petrokub" klubu ilə görüşə çıxacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Anar Həsənov