ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi - “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.
Üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.
Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.
“Grand Chess Tour 2018”in sabah açılışı olacaq dördüncü mərhələsi – vaxta klassik nəzarət qaydasında keçirilən “Sinquefield Cup” turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq.
Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək.