AFFA-nın təşkil etdiyi Region Liqasında çıxış edən Qubanın “Şahdağ” klubunun dağılması ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb.
Oxu.Az-ın xəbərinə görə, komanda dekabrın 15-də “Facebook” vasitəsilə Sumqayıtın “Uğur” komandasını özünə varis elan etdiyini və adının dəyişdirildiyini açıqlayıb. Ancaq bu məsələ sənəd üzrə rəsmiləşməyib.
Daha sonra yanvarın 24-də baş məşqçi Qəzənfər Abbasov istefa verib. O, klub rəhbərliyinin komanda qarşısında verdiyi vədləri yerinə yetirə bilməməsinə və futbolçulara olan maliyyə borcuna görə ayrıldığını açıqlayıb.
Qusarın “Şahdağ” klubunun sabiq mətbuat xidmətinin rəhbəri, hazırda Quba “Şahdağ”ının prezidenti olan və eyni zamanda futbol meneceri işləyən Xanbaba Daşdi isə komandanın dağılmadığını bildirib.
AFFA-nın Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev isə Oxu.Az-a açıqlamasında komandanın dağılması haqqında onlara müraciət edilmədiyini vurğulayıb:
“Qubanın “Şahdağ” klubunun fəaliyyətini dayandırması barədə bizə rəsmi müraciət edilməyib. Komandanın növbəti həftə Region Liqasında oyunu var. Bizə komandanın çıxış etməyəcəyi barədə məlumat verilsə, biz də bu məlumatı ictimaiyyətə çatdıracağıq”.
Qeyd edək ki, “Şahdağ” komandası yarışdığı həvəskarlardan ibarət Region Liqasının Şimal zonasında dörd turdan sonra məğlubedilməzdir. Komanda bütün rəqiblərinə qalib gələrək 12 xal toplayıb və vahid liderdir.
Səbuhi Musa