Sabah bizim ölkədə dördüncü dəfə “Azərbaycan turu” velosiped yarışı start götürür.
Oxu.Az xəbər verir ki, yarış beş mərhələdən ibarət olacaq. Birinci mərhələ mayın 6-da Bakı-Sumqayıt marşrutu üzrə keçiriləcək. İştirakçılar Bayraq meydanından start götürəcəklər.
Mayın 7-də velosipedçilər Bakıda yarışa başlayacaq, İsmayıllıda bitirəcəklər, növbəti gün isə onlar Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə yola düşəcəklər. Mayın 9-da Qəbələdən Mingəçevirə yola düşəcəklər, son mərhələ isə mayın 10-da Bakıda keçiriləcək. Yarışın 5-ci mərhələsinin marşrutu Avropa Oyunları 2015-in veloşosse yarışının marşrutu ilə eyni olacaq.
İlk dəfə “Azərbaycan turu”nda Mingəçevir Avropa Oyunlarının avarçəkmə üzrə yarışların keçiriləcəyi şəhər kimi iştirak edir.
Son mərhələyə gəldikdə isə, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun sözlərinə görə, təşkilatçılar avtomobil həvəskarlarının yolların bağlanması ucbatından narahatçılıq çəkməmələri üçün səy göstərəcəklər.
“Velosiped yarışları zamanı Moskvada da, İstanbulda da, başqa şəhərlərdə də yollar bağlanır. Bu, adi təcrübədir. Amma biz narahatçılığın mümkün qədər az olması üçün çalışacağıq”.
“Azərbaycan turu” yarışmasında Azərbaycanı “Synergy Baku” komandası təmsil edəcək. Komandanın tərkibinə Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, İoannis Tamuridis və Aleksandr Surutkoviç daxildir.
F.H.
www.oxu.az